AZ

Uşaqlara “Roblox”TƏHLÜKƏSİ: Valideynlərə XƏBƏRDARLIQ

Dünyanın ən populyar oyun platformalarından biri olan “Roblox”, azyaşlılar üçün ciddi psixoloji və fiziki təhlükə mənbəyinə çevrildiyi bir dövrdə iyun ayından etibarən yeni məhdudiyyətlər tətbiq etməyə məcbur qalıb. İllərdir uşaqların onlayn zorakılığa, kiber-təcavüzə və “uşaq ovçusu” kimi tanınan fırıldaqçıların hədəfinə çevrilməsi ilə gündəmə gələn platforma, nəhayət “Roblox Kids” adlı qapalı sistemə keçid edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, platformadakı çat funksiyasının deaktiv edilməsi və ya yaş filtrlərinin qoyulması buz dağının görünməyən tərəfindəki təhlükələri tamamilə yox etmir.

Bu oyunun uşaqların alt şüuruna yerləşdirdiyi virtual asılılıq, nəzarətsiz məzmunlar və yad şəxslərin müxtəlif yollarla uşaqlara sızma cəhdləri hələ də valideynlər üçün ən böyük qorxu olaraq qalır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan psixoloq Nərmin Qasımova qeyd edib ki, bu cür platformalar uşaqlar üçün virtual tələdir: “Roblox sadəcə bir oyun deyil, uşaqların psixikasını zədələyən, onları real həyatdan təcrid edən qaranlıq bir dünyadır. Şirkətin yeni qaydalar tətbiq etməsi əslində problemin nə qədər böyük və qorxulu olduğunun rəsmi etirafıdır. Uşaqlar bu oyunlarda manipulyasiyaya o qədər açıqdırlar ki, hətta çat funksiyası bağlansa belə, oyun daxilindəki simvollar və hərəkətlər vasitəsilə onlara zərərli ismarıclar ötürülə bilər”.

Onun sözlərinə görə, oyunun yaratdığı asılılıq uşaqlarda ciddi davranış pozuntularına yol açır: “Uşaqlar saatlarla bu oyunun qarşısında qalaraq emosional boşluğa düşürlər. Valideynlər elə bilir ki, övladı sadəcə əylənir, amma əslində uşağın beyni virtual mükafatlar və rəqabət fonunda aqressivləşir. Yeni sistemdə çatın bağlanması fırıldaqçıların işini çətinləşdirə bilər, lakin oyunun daxilindəki zorakı və qorxulu ssenarilər hələ də uşaqların yuxu rejiminə, sinir sisteminə və ümumi inkişafına birbaşa zərbə vurur. Bu, uşağın iradəsini əlindən alan rəqəmsal bir narkotik kimidir”.

Psixoloq vurğulayıb ki, texniki məhdudiyyətlər təhlükəsizlik üçün kifayət deyil: “Hər nə qədər ‘Roblox Kids’ hesabı yaradılsa da, uşaqlar çox vaxt yaşlarını böyük göstərərək bu filtrlərdən yan keçməyə çalışırlar. Platformanın uşaqları cinsi istismardan, fırıldaqçılardan və psixoloji gərginlikdən qorumaq üçün gecikmiş addımlar atması göstərir ki, təhlükə artıq evlərimizin içinə qədər sızıb. Valideynlər anlamalıdır ki, bu oyunun daxilindəki gizli moderasiya hər saniyə uşağı qoruya bilməz və övladlarının bu virtual bataqlıqda yox olmasına imkan verməməlidirlər”.

Tunar,
NOCOMMENT.az

Seçilən
11
nocomment.az

1Mənbələr