Bakıda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə ilk dəfə “Kosmik Vətən” mövzusunda aerokosmik konfrans keçirilib.
Hafta.az xəbər verir ki, bu barədə açıqlamasında Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov bildirib. O qeyd edib ki, konfransın əsas məqsədi ölkədə aerokosmik sahədə fəaliyyət göstərən federasiyalar, ictimai birliklər, cəmiyyətlər, inkişaf mərkəzləri, klublar və komandaları bir araya gətirərək mövcud vəziyyəti təhlil etmək, eləcə də gələcək inkişaf istiqamətlərini birgə müzakirə etmək olub.
Tədbirdə iştirakçı təşkilatların tanışlıq mərhələsindən sonra qurumlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Konfrans çərçivəsində cari ildə Azərbaycanda keçiriləcək IV Aerokosmik Modelçilik Festivalı barədə məlumat verilib. Bildirilib ki, aprelin 12-dən etibarən tədbir üçün qeydiyyat başlanıb. Festival bu il Qarabağ iqtisadi rayonunda təşkil ediləcək və ötən ildən fərqli olaraq yarışların sayı artırılaraq 12 kateqoriya üzrə keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, çıxışlar zamanı bu il ilk dəfə keçiriləcək “Naqilsiz Rabitə” yarışına da xüsusi diqqət ayrılıb. Vurğulanıb ki, bu istiqamət radio həvəskarları və radio-modelistləri bir araya gətirərək sahənin inkişafına yeni təkan verəcək:
“Konfrans iştirakçıları bu il festival çərçivəsində radiohəvəskarlar tərəfindən xüsusi çağırış siqnalı ilə beynəlxalq efirə çıxışın həyata keçirilməsini təklif edib. Tədbir ərazisində qurulacaq qısa dalğa radiostansiyaları və anten sistemləri vasitəsilə dünyanın müxtəlif ölkələrindəki radiohəvəskarlarla birbaşa əlaqə yaradılsın. Təklif yekdillikə müsbət qarşılandı və qeyd olundu ki, ziyarətçilər də peşəkar operatorların dəstəyi ilə canlı efirə qoşularaq qlobal rabitənin bir hissəsinə çevrilə bilcəklər. Düçünürəm ki, müxtəlif texniki idman növlərinin bir platformada birləşdirilməsi festivalın kütləviliyini artıracaq. Xüsusilə regionlarda yaşayan gənclərin aerokosmik sahəyə cəlb olunması və maarifləndirilməsi gələcəkdə yerli kadr potensialının formalaşmasına mühüm töhfə verəcək”.
O bildirib ki, konfransın yekununda “Kosmik Vətən” anlayışının əhəmiyyəti bir daha vurğulanıb. Qeyd olunub ki, bu anlayış yalnız emosional çağırış deyil, milli təhlükəsizlik və funksional suverenliyin təmin olunması baxımından strateji zərurətdir. Müasir geosiyasi reallıqlar göstərir ki, kosmik sahədə passiv mövqe tutan dövlətlər gələcəkdə başqalarının strateji qərarlarına tabe olmaq riski ilə üz-üzə qalır.
Tədbirdə Azərbaycan Respublikası Səmt Müəyyənetmə İdman İctimai Birliyi, “Aerospace” İctimai Birliyi, Həvəskar Astronomlar Cəmiyyəti, Azərbaycan Radiohəvəskar Cəmiyyəti, “Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi, AzST klubu, “Orbyte” klubu və “Barattson Kids” mərkəzinin nümayəndələri iştirak ediblər.