ain.az, Bizimyol saytına istinadən bildirir.
Saray qəsəbəsində qonşular arasında itə görə yaranmış mübahisə sonda onların istintaqda və məhkəmədə qarşı-qarşıya gəlməsilə nəticələnib.
Bizimyol.info xəbər verir ki, Saray qəsəbəsində yaşayan 75 yaşlı Fəxrəddin kişi itinə görə qonşusunun başını daşla vurub partlatmağa görə cinayət məsuliyyətinə cəlb olunub. Zərərçəkmiş isə Türkiyə vətəndaşı, 1983-cü il təvəllüdlü Onur Çapadır.
İttihama əsasən, sahibi iti gəzdirərkən heyvanın üzərində ağızlıq olmayıb. Onur Çapa bununla əlaqədar qonşusuna irad bildirib. Deyib ki, it onun 15 yaşlı oğlu Orxana hücum etmək istəyirdi. İti bu vəziyyətdə küçədə gəzdirmək ətrafdakılar üçün təhlükədir. Onur Çapa itə daş ataraq, onu qovub. İtinə daşların atılması sahibinin etirazına səbəb olub. O da öz növbəsində qonşusuna irad bildirib və nəticədə aralarında dava baş verib. Bu zaman onun atdığı daş parçası Onur Çapanın alnına dəyib. Bu səbəbdən barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi başlanıb. Onun haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Məhkəmədə təqsirləndirilən şəxs ifadə verərkən ittihamla razılaşmayıb. O bildirib ki, açıq açıq ürək əməliyyatı keçirdiyinə görə gündəlik gəzintilər edir. Həmin gün də həyat yoldaşı ilə gəzəndə iti “Toplan” da yanında olub. Bu zaman qonşusu Onur Çapa və oğlu Orxanın yanından keçiblər. Orxan heç bir səbəb olmadan itdən qorxmağa başlayıb. Atası daşlar atmağa başlayıb. O isə qonşusuna itinə daş atmasını irad tutub, iti də yanına çağırıb. Lakin Onur Çapa daş atmağa davam edib.
Daha sonra onların arasında mübahisə şiddətlənib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Onur Çapa onun üzərinə hücum çəkib və başı ilə ağız nahiyəsinə kəllə atıb: “Bu zaman Onuru itələdim. Onur ayağıma təpiklə vurdu. Yerə yıxıldım. Yoldaşım Onuru tutdu ki, məni vurmasın. Lakin Onur əl çəkmək istəmirdi. Onuru özümdən uzaqlaşdırmaq üçün yerdən götürdüyüm daşı Onura tərəf atdım. Güman etmədim ki, onun başına dəyər. Yoldaşım onun arvadını çağırdı. Onurun arvadı və mənim yoldaşım Onuru tutub öz evlərinin çəkib apardılar. Onur əl çəkmək istəmirdi. İçəridən dəmir parçası götürüb yenidən gəlib məni öldürmək istəyirdi”.
Azərbaycanda şirkətlərdən birinin icraçı direktoru olan zərərçəkmiş Onur Çapa isə təqsirləndirilən şəxslə bu hadisədən əvvəl də mübahisələri olmuşdu: “Çünki Fəxrəddin kobudluq edirdi. Ona görə iki il idi bir-birimizi danışdırmırdıq”.
Hadisəyə gəlincə, o bildirib ki, axşam saat 18.00 radələrində avtomobillə işdən evə gələrkən bazarlıq edib. 2011-ci il təvəllüdlü oğlu torbaları daşımaq üçün ona kömək etmək istəyib: “Oğlum buna görə küçədə məni gözləyirdi. Həmin vaxt Fəxrəddin iti ilə bizim qapının yanından keçirdi. İtin ağzı açıq idi. İt Orxanın üstünə hücum etmək istəyəndə oğlum qaçdı. Buna görə əlimlə itin üstünə gedib, onu uzaqlaşdırdım. Bu hərəkətim Fəxrəddinin xoşuna gəlmədi. Mübahisə başladı. Yerdən daşı götürüb alnıma vurdu”.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsilə ittiham irəli sürülsə də, bu maddə “Konstitusiya və Suverenlik İli” münasibətilə 2025-ci ilin dekabrında qəbul edilmiş Amnistiya Aktının təsiri altına düşdüyünə görə onun haqqında cinayət işinə xitam verilib.
Aytən, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.