“Çox təəssüf ki, su qıtlığı ilə bağlı müzakirələrdə artıq bədbin proqnozlar gələcəyə aid deyil”.
Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, günümüzdə su çatışmazlığı böhran həddinə çatıb:
“Məsələn, son 5 ildə İranla Əfqanıstan arasında Nilbənd su bəndi üstündə bir neçə dəfə münaqişə baş verib. İki ölkə arasında su bölgüsü ilə bağlı ziddiyyətlər var və bu mübahisələr bəzən qanlı qarşıdurmaya da çevrilir. 2024-cü ilin yayında İranın Tehran, İsfahan və digər şəhərlərində su qıtlığı kütləvi etirazlara səbəb olmuşdu. Xüsusilə İranın cənub bölgələrində su qıtlığı təhlükəsi getdikcə artır. İranın şimalında - Güney Azərbaycanda durum o qədər də qorxunc deyil. İntensiv yağışlar hətta qurumaqda olan Urmu gölündə də suyun səviyyəsini artırıb”.
Ekoloq qeyd edib ki, Türkiyənin şərq bölgələrində də durum ürəkaçan deyil:
“Cənubi Qafqazda ən az su ehtiyatlarına malik ölkə Azərbaycandır. Su qıtlığının əsas səbəbi qlobal iqlim dəyişikliyidir. Qlobal istiləşmə şirin su mənbələrinin qurumasına gətirib çıxarıb. Şimal buzlaqları əriyir, yeraltı su mənbələri quruyur, çaylarda, göllərdə suyun səviyyəsi aşağı düşür. Xəzər dənizində də son zamanlar suyun səviyyəsi aşağı düşüb. Buna səbəb gölü qidalandıran əsas çayda - Volqada suyun azalmasıdır. Bəziləri düşünür ki, bu, antropogen təsirlərin nəticəsidir. Əslində, o da var”.
Onun sözlərinə görə, son illə Rusiyada kənd təsərrüfatı məqsədilə Volqadan sugötürmələr artıb:
“Çay üzərində yeni su bəndləri tikilib. Lakin əsas səbəb qlobal iqlim dəyişikliyidir. Son illər Volqa hövzəsində yağıntıların miqdarı azalıb, bu üzdən çayda suyun səviyyəsi aşağı düşüb. Eyni proses Azərbaycanda da gedir. Ölkəmizin iri çayları Kür, Araz, Qanıx, Alazan və Samur çaylarında qlobal iqlim fəsadları və qonşu ölkələrdə yarıtmaz su idarəçiliyi səbəbindən xeyli azalıb. Buna baxmayaraq, vəziyyətdən çıxış yolları var. Günümüzün əsas vacib məsələsi suya qənaət rejiminə keçməkdir. Hətta mətbəxdə belə hər damlanın qədrini bilməliyik”.
Elman Cəfərli vurğulayıb ki, Azərbaycanın içməli su qaynağını təşkil edən çayların hamısı transsərhəd çaylarıdır:
“Xüsusən iri şəhərlərdə lüzumsuz su israfının qarşısını almaq üçün texniki su şəbəkəsinin qurulmasına ehtiyac var. Tullantı sularının təkrar emalı müəssisələri qurulmalı və bu sudan avtoyumaya verilməlidir. Kənd təsərrüfatında suya qənaətin əsas yolu suyun daşınmasındakı itkilərin aradan qaldırılmasıdır. Bunun üçün suvarma sistemi yenilənməli, damlama suvarma metodu yayğınlaşmalıdır. Su kanallarının yenilənməsinə ehtiyac var. Torpaq səthli su kanalları beton səthli kanallarla əvəzlənməlidir. Bu iş məsrəfli olsa da, başqa yolumuz qalmayıb”.
Elmir Mustafa