Futzal üzrə Azərbaycan milli komandasının üzvü Ülvi Əliyev yoldaşlıq görüşündə Qazaxıstana 2:9 hesabı ilə uduzduqdan sonra federasiyanın mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki, o, ötən gün baş tutan qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Rəqibin gücünü bilirdik. Təsadüfi deyil ki, bu gün Avropanın 4-cü ən güclü komandasıdır. Dünya çempionatında da kifayət qədər yaxşı çıxış etmişdilər. Düzdür, Avropa çempionatının final mərhələsinə vəsiqəni pley-off oyunlarında əldən verdilər. Rəqabətli çempionatları var. Oyun gərgin keçdi. 12-13 dəqiqə yaxşı mübarizə apardıq. Yorğunluq tədricən sözünü dedi. Çünki rəqibdən fərqli olaraq, biz Tbilisdə iki ağır görüş keçirmişdik, üstəlik, Aktauya gecə saatlarında gəldik və məşq etmədən oyuna çıxdıq. Dediklərim bəhanə kimi qəbul olunmasın. Nəticəyə görə məyusuq, ancaq bu məğlubiyyətin ətrafında dolanıb qalmaq istəmirik”.
Əliyev heyətdə gənc futzalçıların olduğunu xatırladıb: “Yeni sistem qurulur, baş məşqçinin tələbi fərqlidir. Oyun təcrübəsi azdır, bu cür qarşılaşmalar bu boşluğu doldurmaq üçün bizə çox kömək edəcək. Yenə deyirəm, vəziyyət düşünüldüyü qədər də ağır deyil. Əsas odur ki, etdiyimiz səhvlərdən nəticə çıxaraq, oyunumuzu təkmilləşdirək. Vacib olan rəsmi matçlardır ki, ona qədər hazır olmalıyıq”.
Qazaxıstan və Azərbaycan arasında növbəti matç aprelin 15-də “BS Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi