AZ

QNet Azərbaycan reallıqları: İstifadəçilər arasında bu məşhurlar da var

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Son günlər dələduzluq sxemləri kimi tanınan "QNet Azərbaycan" şəbəkəsi ilə bağlı yeni iddialar gündəmə gəlib.

Şirkətin fəaliyyət prinsipləri, on minlərlə insanın şikayətləri və piramida sistemi görüntüsü yaratdığı barədə ittihamlar uzun müddətdir ictimai müzakirə mövzusudur.

Artıq bəzi tanınmış simaların da bu şəbəkənin fəaliyyətində adı hallanır və onların da zərərçəkənlər sırasında olduğu bildirilir. Məsələ sosial şəbəkələrdə geniş rezonans doğurub.

Bu iddialar fonunda, aktrisa Zarina Qurbanovanın, o cümlədən, müğənni Manaf Ağayevin da adının hallanması diqqət çəkib.

Məsələ ilə bağlı Bakıvaxtı.az sözügedən sənətçilərlə əlaqə saxlamağa çalışıb.

Bəzi mənbələr aktrisa Zarina Qurbanovanın bir müddət bu sistemdə sahibkar kimi fəaliyyət göstərdiyini və biznesdən qazanc götürən şəxslər sırasında olduğunu iddia edir. Bununla bağlı saytımıza açıqlama verən Zarina Qurbanova məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, söhbət "network marketing" modelindən gedir və bu sistem dünyanın bir çox ölkəsində mövcuddur. Həmsöhbətimiz bildirib ki, sistemin özündə problem yoxdur, çünki qurulmuş mexanizm əsasən məhsul satışına dayanır. Lakin problemlər daha çox insan faktorundan qaynaqlanır:

"Bəzi şəxslər tanışlarına “500 manat qoy, aylıq yüksək gəlir əldə edəcəksən” kimi əsassız vədlər verirlər. İnsanlar da bu vədlərə inanaraq vəsait yatırır, lakin nəticə gözlənilən kimi olmur. Avropa və Amerikada da oxşar sistemlər var, lakin həmin ölkələrdə insanlar daha məlumatlı şəkildə qərar verir".

Müsahibimiz özü də bu sistemi araşdırıb və müəyyən risklərin olduğunu görüb. Yaxınlarının və tanışlarının da bu sahədə fəaliyyət göstərdiyini deyən aktrisa hesab edir ki, problem sistemdən çox onu yanlış təqdim edən insanlardadır.

Zarina Qurbanova sonda vurğulayıb ki, sistemə qoşulan şəxslər verilən vədlərə diqqətlə yanaşmalı, real nəticələri dəyərləndirməli və hər addımı düşünərək atmalıdırlar.

Müğənni Manaf Ağayevlə də əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Ümumilikdə, baş verənlər onu deməyə əsas verir ki, bu cür şəbəkələrə qoşulmaq istəyən şəxslər emosional qərarlar vermək əvəzinə, modelləri hərtərəfli araşdırmalı, vədlərə deyil, faktlara əsaslanmalı və hüquqi riskləri nəzərə almalıdırlar. Əks halda, maddi və psixoloji zərərlər qaçılmaz olur.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
bakivaxti.az

2Mənbələr