AZ

“Napoli” “Milan”ı arxada qoydu - Spalletti 300-cü qələbəyə sevinən 4-cü mütəxəssis oldu

A seriyasında 31-ci tura bazar ertəsi yekun vuruldu.

Aprelin 6-da keçirilən son 4 oyunda qeydə alınan nəticələrdən sonra çempionluq uğrunda mübarizədə intriqa yenidən zəiflədi. Çempionlar Liqasına (ÇL) vəsiqə verən sonuncu - 4-cü yer uğrunda rəqabət isə əvvəlki kimi yüksək olaraq qalır.

“İnter” aprelin 5-də evdə “Roma” üzərində 5:2 hesablı qələbə qazanmışdı. Bütün turnirlərdə 4 oyunluq qələbəsiz seriyaya darmadağınla son qoyan lider mövqeyini möhkəmlətmişdi. Deməli, “Milan” əzəli rəqibi ilə xal fərqini yenidən 6-ya endirmək üçün Neapoldan qələbə ilə dönməliydi. Ölkə nəhənginin buna nail olmaq şansı heç də yüksək sayıla bilməzdi. Meydan amili öz yerində, ikinci ciddi səbəb “Napoli”nin riyazi cəhətdən çempion titulunu qorumaq imkanının davam etməsi ilə bağlı idi. Üstəlik Antonio Kontenin komandası heyətdəki itkilərə baxmayaraq, çempionatda keçirdiyi son 4 oyunda xal itirməmişdi. Odu ki, milanlıların işi heç də asan görünmürdü.

Turun mərkəzi oyunu gərgin mübarizə ab-havasına görə proqnozu doğrultdu, lakin komandaların meydandakı hərəkətləri heç də baxımlı mənzərə formalaşdırmadı. Konte ilə Massimiliano Alleqri çoxdan ehtiyatlı futbola üstünlük verən mütəxəssislər kimi tanınırlar. Neapoldakı duelin xal planında dəyəri yüksək olduğundan hesabı açan tərəfin önəmli üstünlük qazanacağı güman edilirdi. İlk hissədə ev sahiblərinin oyunçusu Spinatsolanın uzaqdan endirdiyi təhlükəli zərbə yaddaqalan oldu, vəssalam. Qonaqlar isə iki-üç epizodda daha effektli oynaya bilsəydilər, hesab fasiləyə qədər açılardı. Lakin nəticəni müəyyənləşdirən yeganə qolu neapollular vurdular. İkinci hissədə fəallaşan ev sahibləri 79-cu dəqiqədə Politanonun sayəsində istəyinə çatdı. Qalan vaxtda Alleqrinin komandasının məğlubiyyətdən qaçmaq üçün ciddi şansı olmadı. Vacib qələbə qazanan “Napoli” turnir cədvəlində “Milan”ı arxada qoydu. Bu, ÇL-ə vəsiqə qazanamq üçün çox yaxşı faktdı. Amma finişə 7 tur qalmış lider “İnter”dən 7 xal geridə olması neapolluların titulu qorumaq şansının azlığından xəbər verir.

Turun son oyun günündə qeydə alınan digər nəticələr də diqqətdən yayınmadı. Udinedə 5 oyunluq qələbə seriyası qırılan “Komo”4-cü yerdə qaldı. Bu pilləyə gözünü dikən “Yuventus” evdə “Cenoa”ya iki cavabsız qolla qalib gələrək ÇL-ə vəsiqə qazanmaq şansını artırdı. Bu hədəfə yönələn “Atalanta” da Leççedəki inamlı qələbəsi ilə şansını davam etdirdi. Milanda darmadağın olan “Roma” 6-cı, “Atalanta” isə 7-ci yerdədi.

31-ci tur
Leççe – Atalanta 0:3
Skalvini, 29. Krstoviç, 59. Raspadori, 73. (24884)
Atalanta: Karnesekki, Kolaşinats, Cimşiti (Bellanova, 70), Skalvini, Bernaskoni, Ederson, De Roon (Paşaliç, 63), Zappakosta (Kossunu, 70), Zalevski (Raspadori, 63), De Ketelare, Krstoviç (Sulemana, 80).
Yuventus – Cenoa 2:0
Bremer, 4. Makkenni, 17. (40251)
Yuventus: Perin (Di Qreqorio, 46), Kelli, Bremer, Kalulu, Kambyazo (Miretti, 83), Lokatelli, K.Türam, Makkenni, Konseysao (Holm, 83), Yıldız (Boqa, 90), Devid (Milik, 67).
Napoli – Milan 1:0
Politano, 79. (50000)
Napoli: Milinkoviç-Saviç, Olivera, Juan Jezus (Beukema, 85), Buoncorno, Qutyerres, Spinatsola (Politano, 74), Lobotka, Zambo Angissa, Maktominey, De Bruyne (Elmas, 85), Jiovane (Alisson, 70).
Milan: Menyan, Tomori (Loftus-Çik, 82), Pavloviç, De Vinter, Bertezaqi, Modriç, Rabyo, Fofana (Leao, 83), Salemakers (Atekame, 62), Nkunku (Pulişiç, 74), Füllkruq (Ximenes, 63).

Turun digər oyunlarının nəticələri: Kremoneze – Bolonya 1:2 (Bonatsoli, 90+1-p. – Joao Mario, 3. Rou, 16. 10629), Verona – Fiorentina 0:1 (Facoli, 82. 24501), Latsio – Parma 1:1 (Noslin, 77 – Delprato, 15. 11244), İnter – Roma 5:2 (L.Martines, 2; 52. Çalhanoğlu, 45+2. M.Türam, 55. Barella, 63 – Mançini, 40. Lorentso Pelleqrini, 70. 75267), Sassuolo – Kalyari 2:1 (Qarsiya, 50. Pinamonti, 78 - S.Espozito, 30-p. 12304), Piza – Torino 0:1 (Adams, 80. 10931), Udineze – Komo 0:0 (24347).

1. İnter 31 23 3 5 71-26 72
2. Napoli 31 20 5 6 47-30 65
3. Milan 31 18 9 4 47-24 63
4. Komo 31 16 10 5 53-22 58
5. Yuventus 31 16 9 6 54-29 57
6. Roma 31 17 3 11 42-28 54
7. Atalanta 31 14 11 6 44-27 53
8. Bolonya 31 13 6 12 40-37 45
9. Latsio 31 11 11 9 32-29 44
10. Sassuolo 31 12 6 13 38-41 42
11. Udineze 31 11 7 13 35-42 40
12. Torino 31 10 6 15 35-53 36
13. Parma 31 8 11 12 22-39 35
14. Cenoa 31 8 9 14 36-44 33
15. Fiorentina 31 7 11 13 36-44 32
16. Kalyari 31 7 9 15 32-44 30
17. Kremoneze 31 6 9 16 26-46 27
18. Leççe 31 7 6 18 21-43 27
19. Verona 31 3 9 19 22-53 18
20. Piza 31 2 12 17 23-55 18

Bombardirlər: L.Martines (İnter) - 16, Duvikas (Komo) - 11, Höylunn (Napoli), Pas (Komo), Devis (Udineze), Yıldız (Yuventus) - 10, Leao (Milan), Çalhanoğlu (İnter) - 9.

Turun rəqəmi
300 – “Cenoa” ilə oyun Luçano Spalletti üçün əlamətdar oldu. “Yuventus”un çalışdırıcısı A seriyasında 300-cü qələbəyə sevindi. O, bu liqada bu göstəriciyə çatan 4-cü mütəxəssis oldu. 67 yaşlı Spalletti İtaliya çempionatının yüksək liqasında qələbə sayına görə Covanni Trapattoni (352), Massimiliano Alleqri (320) və Nereo Rokkodan (302) geri qalır.

Turun ulduzu
Markus Türam (İnter) – fransalı hücumçu “Roma” ilə vacib oyunda qazanılan qələbədə böyük rol oynadı. Qol və Lautaro Martinesə verdiyi iki məhsuldar ötürmənin müəllifi olan Markusun A seriyasında qapıya iki aydan sonra yol tapdığını da qeyd edək. O, bu mövsüm çempionatda meydana çıxdığı 24-cü oyunda 8-ci qolunu vurdu.

Turun sitatı
Markus Türam, “İnter”in hücumçusu:
“Hə, hücumçu qol vurmalıdı. “İnter”in “9 nömrəsi” uzun müddət qolsuz qalmamalıdı... Dediz ki, sonuncu qolumu fevralın əvvəlində vurmuşam? Amma indi aprel ayıdı. Fevraldan sonra qol üzü görməmişdim? Üç ay keçib? “İnter”in “9” nömrəli oyunçusu üç ay ərzində qol vurmaya bilməz. Hə, oyun planında enişdə idim. Belə halın bir daha təkrarlanmayacağına və komandama qollarımla da kömək edəcəyimə ümidliyəm”.


Oyundan sonra
Antonio Konte, “Napoli”nin baş məşqçisi:
“Bu qələbə bizi daha istəkli edir və öz gücümüzə əminliyimizi artırır. Ona görə ki, indi 2-ci yerdəyiksə, buna cari mövsümdə üzləşdiyimiz bütün itkiləri “kompensasiya edən” oyunçularımızın fədakarlığı sayəsində nail olduğumuzu unutmamalıyıq. Bu gün Höylunn meydana çıxa bilmədi, amma məlum olduğu kimi, biz uzun müddətdi Di Lorentso, Rrahmani, Neres və Verqaradan yararlana bilmirik. Bu oyunçular, demək olar ki, əsas heyətin üzvləridi. Bu qədər itkilərə baxmayaraq, komandamızın cədvəlin yüksək pillələrində qalması inanılmazdı. Belə vəziyyətə düşən istənilən digər komanda pərən-pərən düşər və əsas hədəfindən erkən əl çəkərdi. Son 15 dəqiqədə meydanda olan Elmas haqda düşünürəm. O, aparıcı futbolçularımızın yoxluğunda üzərinə çox böyük məsuliyyət yükü götürən oyunçularımızdan biridi. Matsokki ilə Beukema da mövsümboyu komandanın əsas simalarının sırasında olublar. Heyətdəki oyunçular nə qədər çox olarsa, bir o qədər rotasiya etmək imkanı yaranır. Yalnız bu halda hər bir futbolçu mövsüm ərzində yaxşı formada qala bilir. Bu qələbədən sonra yüksək pillələrdə qalmağa çalışmalıyıq. Sona 7 tur qalıb və əsas hədəfimiz olan ÇL-ə vəsiqə qazanmağa yaxınıq. “Milan” əsas hədəfinin bu turnirdə oynamaq olduğunu bəyan edirsə, “Napoli” niyə eyni hədəfə can atmasın?! “Yuventus” da belə deyir. Komandamız bu mövsüm ölkə superkubokunu qazanıb, amma görünür, bu klublarla müqayisədə bizdən daha çox uğur gözləyirlər. “İnter”in 1-ci yerdə görünməyə layiq olduğunu bilirik. Biz indi liderin yanındayıq və mövqeyimizi qorumağa çalışmalıyıq”.


Massimiliano Alleqri, “Milan”ın baş məşqçisi:
“Bu, qol vəziyyətlərinin kasad olduğu oyun idi. Buna görə də, nəticəni bir epizodun müəyyənləşdirə biləcəyini hiss edirdik. “Napoli” bundan yaxşı istifadə etdi. Əslində müdafiə xəttimiz çox yaxşı təsir bağışladı, amma qapımızdan top buraxdıq. İkinci hissədə hücum əməliyyatlarını sürətlə başa vurmalıydıq, amma hər dəfə tərəddüd etdik və rəqibə bizə qarşı güclü pressinq imkanı yaratdıq. Hücumçu seçimimiz riskli idi? Nkunku ilə Füllkruq oyunu yaxşı keçirdilər. Komanda üçün faydalı olan Nkunku bir neçə imkan yaxaladı. Belə oyunçu qol imkanlarından, heç olmasa, birini reallaşdırmalıdı. Futbol belə vəziyyətlərdən ibarət olur, komandamız yetərincə yaxşı oynadı. Doğrudu, ilk hissədə Spinatsolaya qapımıza zərbə endirmək imkanı verdik, amma gərək ona bu şansı verməyəydik. Sonra rəqibin əks-hücumlarıyla bağlı problemlərimiz oldu. Hədəfimizə çatmaq – ÇL-ə vəsiqə qazanmaq üçün oyunumuzu daha da yaxşılaşdırmalı olduğumuzu düşünürəm. İndi skudetto yarışı bizlik deyil, “İnter” bizdən 9 xal çox yığıb, “Napoli” isə artıq cədvəldə “Milan”dan öndədi. Bütün diqqətimizi öz oyunumuza yönəltməliyik. Mövqeyimizi qorumaq üçün qalan oyunlarda çoxlu qələbə qazanmalıyıq”.
Seçilən
10
football-plus.az

1Mənbələr