AZ

Nazir müavini: Ekoloji məsələlərin həllində qadınların rolu əvəzsizdir

Bakı, 14 aprel, AZƏRTAC

Ekoloji məsələlərin həllində qadınların rolu əvəzsizdir. Onların yüksək sosial məsuliyyət hissi ekoloji qərarların daha balanslı və effektiv olmasına mühüm töhfə verir.

AZƏRTAC xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzulu beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə ekologiya və təbii sərvətlər nazirinin müavini Ümayra Tağıyeva deyib.

O qeyd edib ki, ölkəmiz gender bərabərliyini prioritet siyasət istiqamətlərindən biri kimi qəbul edib. Ekoloji çağırışlara cavab olaraq Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. “Bu istiqamətdə ağacəkmə kampaniyaları, məişət tullantılarının idarə olunması, meşə fondunun genişləndirilməsi, ekoloji monitorinq sistemlərinin rəqəmsallaşdırılması kimi konkret layihələr icra olunur. Eyni zamanda, milli səviyyədə genişmiqyaslı proqramlar həyata keçirilir və yaşıl iqtisadiyyat modelinə keçid əsas hədəflərdən biri kimi müəyyən edilib”, -deyə nazir müavini vurğulayıb.

Ümayra Tağıyevanın sözlərinə görə, gender balansının gücləndirilməsi də bu siyasətin mühüm tərkib hissəsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyində ümumilikdə 1265 qadın əməkdaş çalışır, onlardan 62-si rəhbər vəzifələrdə təmsil olunur. Bu göstəricilər qadınların ekoloji siyasətdə artan rolunun bariz nümunəsidir. Həmçinin nazirlik yanında fəaliyyət göstərən Ekoloji Şurada da qadınlar təmsil olunur, ekokönüllülərin isə əksəriyyətini məhz qadınlar təşkil edir.

Müxbir-Aytac Haqverdiyeva, Tərgül Babayeva, Fərid Səlimov
Fotoqraf-Azər İbrahimov
Operator-İlham Nadirov
Seçilən
20
1
azertag.az

2Mənbələr