Bakı, 14 aprel, AZƏRTAC
Hörmüz boğazından xam neft və emal olunmuş neft məhsullarının nəqli Yaxın Şərqdəki münaqişədən əvvəlki təxminən 20 milyon barel (qlobal tədarükün təxminən 20 faizi) səviyyəsi ilə müqayisədə hazırda gündəlik 3,8 milyon barelə düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Qlobal xam neft tələbatının 2020-ci ildən bəri ilk dəfə azalacağı gözlənilir.
“Yaxın Şəqrdəki müharibə qlobal neft istehlakı ilə bağlı proqnozu tamamilə alt-üst edib. Çatışmazlıqlar və yüksək qiymətlər davam etdikcə, tələbatın azalması da genişlənəcək”, - deyə hesabatda bildirilir.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin neft istehsalını dayandırmaq məcburiyyətində qalması səbəbindən isə qlobal neft tədarükü təxminən 9 faiz (gündəlik 10,1 milyon barel) azalıb.