AZ

Rusiyada şokolad fontanları yoxa çıxa bilər - Səbəblər

Rusiyada bir zamanlar populyar olan şokolad fontanları artıq "ağır lüks" kateqoriyasına daxil olur. Son bir il ərzində bu xidmətin qiyməti təxminən 50% bahalaşıb.

Ölkə.Az "SHOT-proverka"ya istinadən xəbər verir ki, bu kəskin artımın iki əsas səbəbi var: qlobal miqyasda kakao paxlası qıtlığı və sanksiyalardan yan keçməklə üçüncü ölkələr üzərindən qurulan mürəkkəb logistika. Keyterinq şirkətləri xammalı hələ də İtaliya və Belçikadan aldıqlarını bildirirlər. Onların sözlərinə görə, yerli istehsal olan şokolad daha ucuz olsa da, keyfiyyəti aşağıdır — tərkibində şəkərin çoxluğu dad zamanı dərhal hiss olunur.

Hazırda fontanlar üçün nəzərdə tutulan bir kiloqram Belçika şokoladının qiyməti 5 min rubldan (təxminən 65 dollar) başlayır ki, bu da ötən illə müqayisədə 20% bahadır. Moskvada böyük bir qrup üçün şokolad fontanı sifariş etmək müştəriyə orta hesabla 20 mindən 100 min rubla qədər (təxminən 250 – 1300 dollar) başa gəlir.

Mağazalardakı vəziyyət də ürəkaçan deyil. İlin əvvəlindən paytaxt mağazalarında şokoladın qiyməti 10% artıb. Standart şokolad plitəsinin qiyməti 150-200 rubl arasında dəyişir. Daha ucuz məhsullarda isə "şrinkflyasiya" (qiyməti saxlayıb çəkini azaltmaq) müşahidə olunur: çəki 100 qramdan 70-75 qrama düşüb, tərkibində isə kakao demək olar ki, yoxdur.

Ekspertlər proqnozlaşdırırlar ki, bir neçə ildən sonra şokolad gündəlik qida məhsulundan çıxaraq, yalnız imkanlı şəxslərin yararlana biləcəyi bahalı zövqə çevriləcək.

Seçilən
4
1
olke.az

2Mənbələr