AZ

Məcnun Məmmədov: "Latviya ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət veririk"

Azərbaycan Latviya ilə dostluq, qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Latviyanın kənd təsərrüfatı naziri, Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın bu ölkə tərəfindən həmsədri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Nazir işğaldan azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini, bu ərazilərdə "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını xatırladıb. O, Azərbaycanın bu prosesdə mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi sahəsində Latviya ilə əməkdaşlığa hazır olduğunu bildirib.

A.Krauze isə öz növbəsində ölkəsinin Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O, iki ölkə arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Görüş zamanı iki ölkə arasında ticarət, enerji, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq imkanları, Latviyanın milli aviaşirkətinin Azərbaycana birbaşa uçuşların bərpa edilməsi, turizm potensialından səmərəli istifadə olunması, kənd təsərrüfatı məhsullarının emalı sahəsində əməkdaşlıq müzakirə edilib. Bundan başqa, Azərbaycan-Latviya iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın cari ilin 15 aprel tarixində Şuşada keçiriləcək 9-cu iclası, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, beynəlxalq platformalarda ölkələrimizin mövqe və təşəbbüslərinin qarşılıqlı dəstəklənməsi və müdafiə olunması, qarşılıqlı regional əlaqələrin gücləndirilməsi, ixrac potensialı yüksək olan məhsullar barədə informasiya mübadiləsinin təşkili, ticarət dövriyyəsinin artırılması fikir mübadiləsi aparılıb.

Bundan başqa, tərəflər iş adamları arasında əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqat işlərinin aparılması, aqrar sahədə mütəxəssis hazırlığı ilə bağlı məsələlərini müzakirə ediblər.

Görüş iştirakçıları iki ölkə arasında əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, imzalanmış və razılaşdırılma mərhələsində olan müqavilələr, gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıb, Azərbaycan və Latviya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.




Seçilən
0
3
azia.az

7Mənbələr