AZ

Sumqayıtda itləri ZƏHƏRLƏYİRLƏR? – Rəsmi AÇIQLAMA

Sumqayıt şəhərinin küçələri və ictimai istirahət parkları son günlər qanlı mənzərələrlə və kütləvi heyvan tələfatı ilə gündəmə gəlib. Şəhər sakinlərinin və heyvansevərlərin iddiasına görə, birbaşa Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları qanunsuz yollarla sahibsiz heyvanları məhv etmək üçün qəddar üsullara əl atır, bu isə nəinki ekologiyanı, həm də insanların, xüsusən də azyaşlı uşaqların həyatını ciddi təhlükə altına qoyur.

Belə ki, məsələ ilə bağlı NOCOMMENT.az-a şikayət edən heyvansevərlər bildiriblər ki, şəhərin parklarında və insanların sıx yaşadığı məhəllələrdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən ərazilərə zəhərlənmiş qidalar atılır. Şikayətçilər qeyd edir ki, Sumqayıt polisinə edilən rəsmi müraciət əsasında təhlükəsizlik kameralarına baxış keçirilib. Görüntülərdə gecə saat 04:00 radələrində əllərində ratsiya və yemək paketləri olan, məhz icra hakimiyyətinin tapşırıqlarını icra edən şəxslərin planlı şəkildə əraziyə zəhərli yemlər payladıqları, heyvanların isə həmin qidanı yedikdən dərhal sonra əzab içində can verdikləri aydın şəkildə görünür. Polis əməkdaşları isə şifahi söhbət zamanı bu şəxslərin sıravi vətəndaş olmadığını, birbaşa yerli icra strukturundan gələn göstərişlə hərəkət etdiklərini eyham edərək prosesə müdaxilə etməkdə çətinlik çəkdiklərini bildiriblər.

Heyvansevərlərin sözlərinə görə, zəhərli maddələr təkcə itlər üçün deyil, bütün canlı aləm üçün öldürücüdür. Parklardakı ağacların dibinə və qumluq sahələrə səpilən bu maddələr ucbatından quşlar (qarğalar, göyərçinlər) da kütləvi şəkildə tələf olur. Ərazidə oynayan uşaqların həmin zəhərlə təmas etmə ehtimalı isə vəziyyəti daha da dramatikləşdirir.

Onlar qeyd edirlər ki, dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətindən şikayətlər edilsə də, məsələyə baxılmayıb və qurumun əməkdaşları öz qanunsuz əməllərinə davam edirlər. Şikayətçilər bildirir ki, hətta ən ali instansiyalara yazılan məktublar da baxılması üçün yenidən şikayət olunan tərəfə — məhz bu qanunsuzluğun başında duran icra hakimiyyətinə göndərilir, bu isə problemin həllini qeyri-mümkün edir. Heyvansevərlər cəmiyyəti bu özbaşınalığın dərhal dayandırılmasını, heyvanların zəhərlənmək əvəzinə sığınacaqlara yerləşdirilməsini və bu qanlı əməlin göstərişini verən məsul şəxslərin qanun qarşısında cavab verməsini tələb edir.

Eyvaz Qocayev

Məsələ ilə bağlı NOCOMMENT.az-ın sorğusunu cavablandıran Sumqayıt şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri  Eyvaz Qocayev qeyd edib ki, səsləndirilən iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir. O, bildirib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində heyvanların zəhərlənməsi ilə bağlı hər hansı tapşırıq verilməyib: “Əgər hər hansı konkret fakt və ya hüquq pozuntusu ilə bağlı sübutlar mövcuddursa, bu barədə hüquq-mühafizə orqanlarına müraciət olunması məqsədəuyğundur”.

Tunar,
NOCOMMENT.az

Seçilən
6
nocomment.az

1Mənbələr