Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğuların tikintisi layihələrini davam etdirir. Layihələrdən biri Pirşağı hövzəsi üzrə icra olunur və Azərbaycan Prezidentinin imzaladığı 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Ümumi uzunluğu 33 kilometr olan kollektor və yeni nasos stansiyası Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaradacaq. Kollektor hövzə daxilində subasma hallarının qarşısını alacaq, Kürdəxanı və Zabrat gölləri ilə sahil boyu zonada ekoloji tarazlığı bərpa edəcək. Hazırda layihə çərçivəsində 9,8 kilometr təzyiqli tullantı su xətti və 3,9 kilometrlik koruge borunun tikintisi tamamlanıb. Digər diametrlərdə boru və mikrotunellərin çəkilməsi üzrə işlər davam edir. Pirşağı hövzəsi üzrə 31 şaxtadan 6-sı inşa olunub, qalan şaxtalarda və kanalizasiya nasos stansiyasında işlər davam etdirilir.
ADSEA bildirir ki, bu tip layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri, müasir və dayanıqlı olmaqla geniş ərazilərdə tikilə bilir və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”