AZ

Liderlərin görüşü üçün hələ şərtlər tam formalaşmayıb Deputat erməni ekspertin təklifindən DANIŞDI

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Üç Cənubi Qafqaz respublikası liderlərinin məşvərət xarakterli yüksəksəviyyəli sammitini hazırlamaq olar".

Bunu “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan, təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında deyib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu mövzu ilə bağlı Redaktor.az-a bildirdi ki, sülhün əldə olunması və onun daimi xarakter daşıması üçün ən müxtəlif səviyyələrdə, ən müxtəlif təşəbbüslərə ehtiyac var:

"Nəticə etibarilə artıq Ermənistan və Azərbaycan arasında paraflanmış sənəddən sonra bəlli olur ki, tam sülhün əldə olunması üçün elə bir ciddi maneə qalmayıb və biz artıq ictimaiyyətə təqdim olunan Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiasının konstitusiyada əksini tapmayacağı ilə bağlı qanun layihəsini də görmüşük. Ona görə də müxtəlif səviyyəli, müxtəlif mərhələli görüşlər keçirmək, əlbəttə ki, vacibdir. Nəticə etibarilə bu, sülhə xidmət edəcək. Biz indi sülhə gedən yolda vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının, hətta parlament sədrlərinin belə müxtəlif mərhələlərdə görüşlərinin keçirildiyinə şahidlik olmuşuq".

Millət vəkilinin fikrincə, yüksək səviyyəli görüşün keçirilməsi, yəni üç Cənubi Qafqaz ölkəsinin liderləri səviyyəsində görüşün keçirilməsi üçün hələ şərtlər tam formalaşmayıb.

"Əgər bu baş verərsə, əlbəttə ki, belə görüş keçirmək olar. Hər şeydən öncə Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sənədi imzalanmalıdır. Bundan sonra Ermənistan ilə Azərbaycan arasında diplomatik əlaqələr bərpa olunmalıdır və yalnız ondan sonra liderlər səviyyəsində görüşmək mümkün olar. Əks təqdirdə qarşılıqlı şəkildə diplomatik əlaqələri olmayan dövlətlərin liderlərinin görüşməsi mümkün olmur. Ona görə də mən düşünürəm ki, bir qədər sonra, Ermənistanda keçirilən seçkilərdən sonra sülh sənədini imzalamaq üçün şərtlər formalaşarsa, ondan sonra, əlbəttə ki, liderlərin görüşü üçün də şərtlər yaranmış ola bilər. İndi isə bu barədə danışmaq bir qədər tezdir", - deyə deputat yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
redaktor.az

2Mənbələr