AZ

Eyni gəlin üçün iki bəy gəldi

Hindistanın Uttar-Pradeş ştatının Xatauli kəndində eyni vaxtda iki bəy və onların qohumları gəlinin evinə gələrək evlənmək hüququnun onlarda olduğunu iddia ediblər.

Ölkə.Az "Times of India"ya istinadən xəbər verir ki, hadisə tərəflər arasında kütləvi dava və polisin müdaxiləsi ilə nəticələnib.

Gəlinin atasının hüquq-mühafizə orqanlarına verdiyi məlumata görə, o, qızını hələ altı ay əvvəl 20 yaşlı Pradip Kumar ilə nişanlayıb. Lakin toy mərasiminə bir gün qalmış bəyin ailəsində ölüm hadisəsi baş verib. Kumarın qohumları toyun baş tutub-tutmayacağı barədə qəti cavabı bir az sonra deyəcəklərini bildiriblər.

Cavab gözləməkdən yorulan gəlinin ailəsi çevik tərpənərək Meerut şəhərindən Akaş adlı başqa bir namizəd tapıb və toy hazırlıqlarına başlayıb. Lakin toy günü hər iki bəy öz toy karvanı ilə gəlinin qapısına dayanıb. Bu isə tərəflər arasında fiziki qarşıdurmaya səbəb olub.

Münaqişənin qızğın vaxtında yerli sakinlərdən biri qaynar xəttə zəng edərək gəlinin yetkinlik yaşına çatmadığını bildirib. Hadisə yerinə gələn polis və rəsmi şəxslər toyu dərhal dayandırıblar. 17 yaşlı olduğu iddia edilən qız müvəqqəti müdafiə mərkəzinə yerləşdirilib, daha sonra isə Uşaq Hüquqlarının Müdafiəsi Komitəsinə təhvil verilib. Onun dəqiq yaşı tibbi müayinədən sonra müəyyən ediləcək.

Hər iki bəy isə məyus və çaşqın halda evlərinə qayıtmalı olublar.

Seçilən
25
1
olke.az

2Mənbələr