AZ

Xəyanət edən valideyn uşağını itirə bilər? — İZAH

Ailə münasibətlərində xəyanət halları yalnız mənəvi deyil, hüquqi müstəvidə də bir sıra suallar doğurur. Belə hallarda zərərçəkmiş tərəfin təzminat tələbi ilə çıxış etməsi mümkün olsa da, paralel olaraq uşağın qəyyumluğu və əmlak bölgüsü kimi məsələlər də gündəmə gəlir. Bəs, bu hallar məhkəmə tərəfindən necə qiymətləndirilir və qərarlar hansı meyarlar əsasında verilir?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, Ali Məhkəmənin Mülki Kollegiyasının qərarında xəyanətə görə mənəvi zərər tələbi ilə bağlı mühüm hüquqi yanaşma əks olunub.

"Ali Məhkəmə qeyd edir ki, tərəflərdən birinin ailə sədaqəti borcuna əməl etməməsi digər tərəfin mənəvi iztirab çəkməsinə səbəb olduğu halda, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi irəli sürülə bilər. Bu yanaşma Mülki Məcəllənin mənəvi zərərlə bağlı ümumi prinsiplərinə söykənir və xəyanəti şəxsin mənəvi hüquqlarına qarşı hüquqazidd hərəkət kimi dəyərləndirir".



Vəkil bildirib ki, bu məsələdə uşağın qəyyumluğu və əmlakın bölünməsi isə Ailə Məcəlləsinin ümumi qaydaları ilə tənzimlənməyə davam edir. 

"Qəyyumluq məsələsində xəyanət faktı valideynin valideynlik hüququndan məhrum edilməsi üçün birbaşa əsas sayılmır, lakin uşağın tərbiyəsinə və psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək davranış kimi məhkəmə tərəfindən nəzərə alına bilər. Əmlak məsələsində isə xəyanət edən tərəfin payının azaldılması yalnız həmin tərəfin ailə büdcəsini israf etməsi və ya ailənin maraqlarına zidd xərclər etməsi sübut olunduğu halda mümkün olur. Beləliklə, mənəvi zərərin kompensasiyası artıq mümkün hüquqi tələb kimi qəbul edilsə də, uşaq və əmlak məsələlərində əsas meyarlar yenə də uşağın üstün mənafeyi və birgə mülkiyyət prinsipləri olaraq qalır".

Yəni, hüquq artıq "mənəviyyat mənim işim deyil" demir. Xəyanət edən tərəf bilməlidir ki, həm mənəvi zərər ödəyə bilər, həm uşaqla münasibətdə xal itirər, həm də ailə büdcəsini dağıdıbsa, əmlakdan əli soyuya bilər.

Əfsanə Kamal


Seçilən
0
1
azia.az

2Mənbələr