AZ

Səfir Lu Mey: Azərbaycanda Çin dilinə maraq artıb

Aprelin 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP və Çinin Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü ilə partiya üzvləri üçün Çin dili kursunun açılış mərasimi keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çinin Azərbaycandakı səfiri Lu Mey arasında görüş olub. Səfir Çin vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edib, bunu dostluğun göstəricisi kimi dəyərləndirib. Görüşdə YAP və Çin Kommunist Partiyasının əməkdaşlığı və memorandumdan irəli gələn məsələlər müzakirə olunub.

Sonra Çinin qədim çay ənənəsi və xəttatlıq sənəti nümayiş olunub.

Tədbirdə çıxış edən T.Budaqov Çin dili kurslarının Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin mahiyyətinə uyğun təşkil edildiyini diqqətə çatdırıb.

Səfir Lu Mey Azərbaycanda Çin dilinə marağın artdığını söyləyərək diqqətə çatdırıb ki, Çinin universitetləri və analitik mərkəzləri də Azərbaycanla bağlı tədqiqatları fəal şəkildə davam etdirirlər. YAP üzvləri üçün təşkil olunan kursun Çini daha yaxından tanımaq imkanı yaradacağını bildirən səfir Çin dilini öyrənən partiya üzvlərinin ikitərəfli əməkdaşlığın bütün sahələrdə inkişafına töhfələr verəcəklərinə ümidvarlığını ifadə edib.

Daha sonra Konfutsi İnstitutunun tələbələri tərəfindən Çin milli rəqsi və ifalar təqdim olunub.

Tədbirdən sonra Çin dili kursunun ilk dərsi keçirilib.

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr