"Football-plus.az" xəbər verir ki, bu sözləri futzal üzrə millimizin üzvü Ülvi Əliyev Qazaxıstanla keçirilən yoxlama matçı haqda danışarkən deyib.
O, Azərbaycan Futzal Federasiyasına açıqlamasında 2:9 hesablı ağır məğlubiyyəti belə şərh edib:
"Oyun gərgin keçdi. 12-13 dəqiqə yaxşı mübarizə apardıq. Yorğunluq tədricən sözünü dedi. Çünki rəqibdən fərqli olaraq, biz Tbilisdə 2 ağır görüş keçirmişdik, üstəlik Aktauya gecə saatlarında gəldik və məşq etmədən oyuna çıxdıq. Dediklərim bəhanə kimi qəbul olunmasın. Nəticəyə görə məyusuq, ancaq bu məğlubiyyətin ətrafında dolanıb qalmaq istəmirik. Heyətimizdə gənclər də var, təcrübəlilər də. Yeni sistem qurulur, baş məşqçinin tələbi fərqlidi. Oyun təcrübəsi azdı, bu cür qarşılaşmalar bu boşluğu doldurmaq üçün bizə çox kömək edəcək. Yenə deyirəm, vəziyyət düşünüldüyü qədər də ağır deyil. Əsas odu ki, etdiyimiz səhvlərdən nəticə çıxaraq, oyunumuzu təkmilləşdirək. Vacib olan rəsmi matçlardı ki, ona qədər hazır olmalıyıq”.
Komandalar aprelin 15-də də üz-üzə gələcək.