AZ

Rəngi daha tünd olur, iliksizdir, yağı da sarı Belə ətləri almayın

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bazarda mənşəyi və keyfiyyəti şübhə doğuran ət məhsulları ilə bağlı narahatlıqlar artıb. Bu vəziyyət istehlakçıların sağlamlığı baxımından ciddi risklər yaradır və qida təhlükəsizliyi məsələsini gündəmə gətirir. Bəs, vətəndaşlar istehlaka yararsız və ya təhlükəli ət məhsullarını normal və keyfiyyətli ətdən necə fərqləndirə bilər?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, əhali arasında ətlə bağlı maarifləndirmə prosesi zəifdir, yəni kifayət qədər aparılmır. "Bu gün insanlarda belə bir psixoloji yanaşma var ki, heyvan gözünün qarşısında kəsilirsə və bunu şəxs özü görürsə, həmin ətin problemsiz, təmiz və keyfiyyətli olduğu düşünülür. Lakin sual yaranır, göz önündə kəsilən heyvan həqiqətən sağlamdırmı? Onun orqanizmində hər hansı xəstəlik olub-olmadığı, məsələn, ciyərlərində və ya qaraciyərində problemlərin, parazitlərin mövcudluğu necə müəyyən edilir? Məlumdur ki, heyvanlarda tez-tez qızdırma xəstəliklərinə rast gəlinir və bu zaman ətin, xüsusilə yağın rəngində saralmaya doğru dəyişikliklər müşahidə olunur. Bu hallar bəzən erkək heyvanların ətində də özünü göstərir. Qızdırma keçirmiş heyvana müəyyən müalicə və ya peyvənd tətbiq olunursa, onun dərhal kəsilməsi yolverilməzdir, müəyyən müddət keçdikdən sonra kəsimə icazə verilməlidir".Ekspert bildirib ki, digər vacib məsələ baytarlıq nəzarətinin səviyyəsidir. "Küçələrdə kəsilən heyvanlara nə dərəcədə nəzarət olunduğu sual doğurur. Çünki kəsimdən dərhal sonra verilən rəy tam obyektiv olmaya bilər. Heyvanın müxtəlif toxuma və orqanlarından götürülən nümunələrin laborator nəticələri yalnız müəyyən müddətdən sonra məlum olur və yalnız bundan sonra ətin satışına icazə verilməsi düzgün hesab olunur. Şübhəli ət məhsullarına gəldikdə isə, burada əsasən at ətinin dana və ya inək əti kimi təqdim olunması halları nəzərdə tutulur. At ətinin rəngi mal ətinə nisbətən daha tünd olur və bəzən qaraciyər rəngini xatırladır. Yağının rəngi isə sarıdır və bu sarılıq digər heyvanların yağındakı sarılıqdan fərqlənir. Əsas fərqlərdən biri də odur ki, atın sümüyündə ilik olmur".Onun sözlərinə görə, bundan əlavə, at ətinə toxunduqdan sonra bir müddət keçdikdə əldən balıq iyinə bənzər qoxu gəlir. "Bu, atın tərinin qoxusu ilə bağlıdır. Bəzi ölkələrdə at kəsilməzdən əvvəl qaçırılır ki, bədəndəki toksinlər tər vasitəsilə xaric olsun. Lakin bu qaydaya hər yerdə əməl olunmur və bu da ətin xüsusiyyətlərində özünü göstərir. Mal ətinin müxtəlif hissələrinin, bud, qabırğa və boyun nahiyələrinin quruluşu fərqlidir və bu xüsusiyyətlər dana, öküz və inək üçün xarakterikdir. At ətində isə bu quruluş tamamilə fərqlənir. Həmçinin qabırğaların sayı, sümüklərin quruluşu və rəngi, qol sümüklərinin forması da fərqli olur. Qeyd olunmalıdır ki, ətin rənginin tünd olması hər zaman keyfiyyətsizlik əlaməti deyil, bəzi hallarda otlaq şəraiti və ya havaya məruz qalma nəticəsində də rəng tündləşə bilər. Bununla belə, at ətinin açıq şəkildə satışa çıxarılması riskli hesab olunur və buna görə də çox vaxt gizli şəkildə realizə edilir. Çünki kəsilmiş heyvan adətən çəkisindən asılı olaraq 4-6 hissəyə bölünür (iki bud, iki qol və bəzən bel və boyun hissələri). Atda isə bu bölgünü eyni qaydada aparmaq çətindir və onun anatomik quruluşu fərqli olduğu üçün kənardan da seçilə bilir. Ümumilikdə, at əti tünd rəngi, spesifik qoxusu və sümüyündə iliyin olmaması ilə seçilir".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
demokrat.az

1Mənbələr