Nəsimi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Aqil Ömərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə bu il paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Belə ki, təqsirləndirilən şəxs qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Nailə Səfərova (adı, soyadı şərtidir) ilə aralarında yaranmış mübahisə zamanı sonuncuya qarşı zor tətbiq edib.
Araşdırmalarla müəyyən edilib ki, Aqil Ömərov zərərçəkmişin üz və qol nahiyələrinə qəsdən əl zərbələri endirib. Nəticədə qadına sol gözün ağ qişasına qansızma ilə müşayiət olunan sol alt göz qapağının və gözaltı nahiyənin qançır və şişkinliyi, sol yanaqda sıyrıqlar, eləcə də sol bazu nahiyəsində qançır kimi xəsarətlər yetirilib.
Məhkəmə-tibbi ekspertiza rəyi ilə həmin xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olduğu müəyyən edilib.
Məhkəmə hazırlıq iclasında Aqil Ömərov öz əməlini etiraf edərək zərərçəkmiş şəxs ilə barışdığını bildirib və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan sadələşdirilmiş icraat üzrə işə xitam verilməsini məhkəmədən xahiş edib.
Eyni zamanda, məhkəmə iclasında iştirak edən Nailə Səfərova da təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və artıq heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə yazılı ərizə təqdim edib.
Kamal Məmmədov