AZ

AQEM platformasında yeni əməkdaşlıq nizamı

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Müasir beynəlxalq münasibətlər sistemində gender bərabərliyi, qadın sahibkarlığı, sosial inklüzivlik mövzuları klassik sosial siyasət çərçivəsini aşaraq geosiyasi alətə çevrilməkdədir. AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) məkanında keçirilən “qadınların səslərinin gücləndirilməsi” konfransı da məhz bu transformasiyanın nümunəsidir.

AQEM-in institusional mahiyyətinə diqqətlə baxdıqda onun ilkin olaraq klassik təhlükəsizlik arxitekturasının bir elementi kimi formalaşdığı aydın görünür. Təşkilatın yaranma fəlsəfəsi dövlətlər arasında etimadsızlığın azaldılması, qarşılıqlı anlaşmanın artırılması və potensial risklərin idarə olunması üzərində qurulmuşdu. Lakin beynəlxalq münasibətlər sistemində baş verən son transformasiyalar göstərir ki, təhlükəsizlik anlayışı artıq yalnız hərbi və siyasi ölçülərlə məhdudlaşmır. Müasir dövrdə təhlükəsizlik getdikcə daha çox sosial-iqtisadi dayanıqlılıq, insan kapitalının inkişafı və inklüziv institutların mövcudluğu ilə əlaqələndirilir.

AQEM Qadınlar Şurasının yaradılması məhz bu transformasiyanın institusional ifadəsi kimi qiymətləndirilməlidir. İlk baxışda bu təşəbbüs sosial xarakter daşısa da, onun arxasında daha geniş strateji məntiq dayanır. Bakı konfransının panel müzakirələrində süni intellekt və rəqəmsallaşma mövzusunun ön plana çıxmasının arxasında geosiyasi məntiq dayanır. Müasir beynəlxalq sistemdə güc məlumat axınlarına və texnoloji üstünlüyə doğru transformasiya olunur. Rəqəmsal inklüzivlik məsələsi burada xüsusi əhəmiyyət kəsb edir. Ənənəvi iqtisadi modellərdə kapital və resurslar müəyyən qrupların əlində toplanırdısa, rəqəmsal mühit bu balansı müəyyən qədər yenidən qurmaq potensialına malikdir. Qadınların bu sahəyə inteqrasiyası isə yeni iqtisadi aktorların meydana çıxması deməkdir. Prosesin real təzahür sahəsi kiçik və orta biznes sektorudur. Qlobal iqtisadiyyatda böyük korporasiyalar hələ də dominant rol oynasa da, dəyişkən və qeyri-müəyyən mühitdə məhz KOB-lar daha çevik adaptasiya qabiliyyəti ilə seçilir. Rəqəmsal texnologiyalar bu sektora giriş baryerlərini aşağı salır, bazarlara çıxışı asanlaşdırır və innovasiyanı sürətləndirir. Qadın sahibkarlığının bu müstəvidə güclənməsi isə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirir, regional inkişafı stimullaşdırır və sosial dayanıqlılığı artırır.

Digər mühüm məqam texnologiyaya çıxışın siyasi təsir imkanları ilə birbaşa əlaqələnməsidir. Rəqəmsal bacarıqların genişlənməsi və texnoloji savadlılığın artması uzunmüddətli perspektivdə dövlətlərin insan kapitalını gücləndirir.

Beynəlxalq konfransda Özbəkistan, Qazaxıstan və Tacikistan kimi Mərkəzi Asiya ölkələrinin fəal iştirakı prosesin coğrafi miqyasını genişləndirərək ona yeni siyasi məna qazandırır. Türk dünyası ilə Mərkəzi Asiya arasında əlaqələrin intensivləşməsi son illərdə artıq müşahidə olunan tendensiya idi, lakin bu proses əsasən siyasi və mədəni platformalar üzərindən inkişaf edirdi. İndi isə həmin yaxınlaşma iqtisadi, texnoloji və sosial sahələrə transfer olunur. Çünki ortaq kimlik üzərində qurulan münasibətlər müəyyən həddə qədər effektiv olsa da, davamlılıq üçün funksional qarşılıqlı asılılıq tələb olunur. Məhz qadın sahibkarlığı, rəqəmsallaşma və insan kapitalının inkişafı kimi sahələr bu qarşılıqlı asılılığı yaradan əsas mexanizmlərə çevrilir.

Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Çiğdem Erdoğan Atabekin səsləndirdiyi “münasibətləri yalnız qardaşlıq deyil, birliyimizin gücü anlayışı ilə gələcəyə daşımaq” tezisi Azərbaycan–Türkiyə münasibətlərinin hazırkı transformasiya mərhələsini dəqiq ifadə edən siyasi siqnaldır. Enerji, nəqliyyat və müdafiə sahələrində artıq formalaşmış strateji əməkdaşlıq modelinin indi sosial-iqtisadi və texnoloji sahələrə transfer edilməsi müşahidə olunur. Qadın sahibkarlığı, rəqəmsallaşma və insan kapitalının inkişafı kimi istiqamətlər isə bu genişlənmənin ən uyğun platformalarıdır. Çünki bu sahələr həm siyasi riskləri aşağıdır, həm də uzunmüddətli təsir potensialına malikdir.

* * *

Təqdim olunan nikbin mənzərəyə baxmayaraq, prosesin dərinliyinə endikdə onun qarşısında dayanan məhdudiyyətlər aydın görünür. Milli Məclisin deputatı Hicran Hüseynovanın diqqətə çatdırdığı problemlər – maliyyə resurslarına çıxışın məhdudluğu, gender stereotipləri və xüsusilə regionlarda informasiya çatışmazlığı dəyişmədiyi halda qəbul olunan strategiyalar və proqramlar istənilən nəticəni verməkdə çətinlik çəkir. Maliyyə resurslarına çıxış məsələsi burada əsas düyün nöqtələrindən biridir. Qadın sahibkarlığının təşviqi ilə bağlı müxtəlif təşəbbüslər irəli sürülsə də, praktik müstəvidə kapitala çıxış imkanlarının qeyri-bərabərliyi davam edir. Belə şəraitdə inklüziv inkişaf iddiası müəyyən qədər formal xarakter alır, çünki iştirak imkanları real olaraq hamı üçün eyni deyil.

Digər tərəfdən, sosial stereotiplər daha mürəkkəb və uzunmüddətli təsirə malikdir. Hüquqi və institusional mexanizmlər nisbətən qısa müddətdə dəyişdirilə bilsə də, ictimai şüurda formalaşmış yanaşmalar daha davamlıdır. Bu kontekstdə əsas problem siyasi iradənin sosial reallıqla uzlaşdırılmasıdır. Strategiyalar hazırlanır, proqramlar qəbul edilir, lakin onların təsir gücü tətbiq olunduqları mühitin xüsusiyyətlərindən birbaşa asılı olur. Əgər bu mühit struktur baryerlərlə yüklənibsə, ən yaxşı siyasət belə gözlənilən nəticəni verməyə bilər. Azərbaycanın son illərdə formalaşdırdığı yanaşma qadın siyasətini strateji inkişaf alətinə çevirir. Qadınların maliyyə resurslarına çıxışının genişləndirilməsi, startap təşəbbüslərinə verilən dəstək və regionlar üzrə inklüzivliyin təmin edilməsi formal olaraq sosial siyasətin elementləri kimi təqdim olunsa da, əslində, belə tədbirlər dövlətin uzunmüddətli inkişaf trayektoriyasını müəyyən edən insan kapitalı strategiyasının tərkib hissəsidir. Modelin mahiyyəti ondadır ki, iqtisadi artım yalnız makroiqtisadi göstəricilərlə deyil, cəmiyyətin bütün təbəqələrinin bu artımda iştirak səviyyəsi ilə ölçülür. Qadınların iqtisadi fəallığının artırılması isə burada kritik rol oynayır. Çünki əmək bazarının və sahibkarlıq mühitinin genişlənməsi yeni dəyər zəncirlərinin yaranmasına, innovasiya potensialının artmasına və ümumi iqtisadi dinamikanın güclənməsinə gətirib çıxarır.

Regionlararası balansın gücləndirilməsi də bu modelin diqqətçəkən istiqamətlərindəndir. İnkişafın yalnız iri şəhərlərdə cəmləşməsi uzunmüddətli perspektivdə sosial və iqtisadi disbalans yaradır. Qadın sahibkarlığının regionlarda təşviqi isə bu disbalansın yumşaldılması üçün effektiv mexanizm rolunu oynayır. Eyni zamanda, bu yanaşma iqtisadi dayanıqlılığın dərinləşdirilməsinə xidmət edir. Qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda daha şaxələndirilmiş və inklüziv iqtisadi model xarici şoklara qarşı daha davamlı olur. Qadınların iqtisadi sistemə inteqrasiyası bu şaxələndirməni sürətləndirir və yeni sektorların formalaşmasına təkan verir.

Statistik göstəricilər bu siyasətin artıq müəyyən nəticələr verdiyini təsdiqləyir. Məşğulluqda qadınların 48 faiz, sahibkarlıqda isə 24 faiz paya malik olması mühüm irəliləyişdən xəbər verir. Lakin bu rəqəmlər eyni zamanda reallaşdırılmamış potensialın da mövcudluğunu göstərir. Xüsusilə sahibkarlıq sahəsindəki fərq onu göstərir ki, mövcud resursların və imkanların daha effektiv səfərbər edilməsi üçün əlavə mexanizmlərə ehtiyac qalmaqdadır.

Son olaraq qeyd edək ki, AQEM platformasında səslənən fikirlər, irəli sürülən təşəbbüslər regionda yeni əməkdaşlıq arxitekturasının formalaşmasının tərkib hissəsidir.

Şəbnəm ZEYNALOVA,XQ-nin siyasi analitiki,siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr