AZ

Bakı etibarlı tərəfdaş imicini doğruldur

Azərbaycan çətin gündə qonşu və dost İranla münasibətlərə xüsusi önəm verir

2023-cü il yanvarın sonlarında Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti məlum səbəbdən dondurulmuş, 2 il çəkən istintaq-təhqiqat, araşdırmanın sonunda məhkəmənin ədalətli hökmündən sonra bərpa edilmişdi. Bu il martın əvvəlində isə ABŞ/İsrail – İran silahlı münaqişəsinin yenidən alovlanması Tehrandakı səfirliyimizin fəaliyyətini dayandırması ilə nəticələndi.

Rəsmi Bakının diplomatik nümayəndəliyin işini məhz indi, İranın başı üzərindən barıt qoxulu qara buludların tam çəkilmədiyi məqamda bərpa etməsi müstəsna əhəmiyyət kəsb edir. Bu addım Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü və daim riayət etdiyi etibarlı tərəfdaşlıq, bölgədə sülh, dünyada sülh doktrinasının əyani göstəricisidir. Bu doktrina Cənubi Qafqaz bölgəsinin ətrafında baş verən gərgin proseslərin gedişində dönməzliyini və yaşarılılığını ortaya qoydu. Rəsmi Bakının yürütdüyü balanslı və şəffaf xarici siyasət ölkəmizi ətraf risklərdən qorunmaq imkanı yaradır. Bu, həm də Azərbaycanın məlum münaqişəyə cəlb edilən tərəflərin heç biri ilə münasibətlərinə xələl gətirəcək hərəkətlərə yol verməməsinin, əksinə, bundan əziyyət çəkən xalqa təmənnasız yardım əlini uzatmasının nümayişidir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyətlə fəaliyyətini bərpa edəcək. Amma təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, bu fəaliyyətin mərhələli şəkildə tənzimlənməsi nəzərdə tutulur. Məlumatda xüsusi olaraq vurğulanır ki, Azərbaycan səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və ikihəftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi ölkəmizin qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir. Bu addımı ilə Azərbaycan regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan etmiş oldu.

* * *

Tehranda diplomatik missiyamızın fəaliyətini bərpa etməsi faktına Azərbaycanın məlum münaqişədə tərəfsizliyini qoruması, balanslı siyasət yürütməsi, eyni zamanda, qonşuluq münasibətlərinə sadiqliyi kontekstində baxmaq lazımdır. Bu, rəsmi Bakı üçün strateji əhəmiyyətə malik məsələdir. Bununla yanaşı, hadisələrin ilkin təhlili onu deməyə əsas verir ki, bu münaqişədə Azərbaycanı tərəfə çevirməkdə, hətta müharibəyə çəkməkdə maraqlı kənar oyunçular var idi. İran ərazisindən Naxçıvana raket atılması isə bu baxımdan olduqca həssas və xüsusi yanaşma tələb edən məqamdır. İntəhası, həmin hadisənin hansı səbəbdən baş verdiyinə baxmayaraq, Azərbaycan İrana humanitar yardım göndərməkdən, öz ərazisini tranzit kimi açmaqdan çəkinmədi. Bu, eyni zamanda, ölkəmizin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan mehriban qonşuluq və əməkdaşlıq siyasətinə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, İran ilə tarixən təşəkkül tapmış dostluq münasibətlərimizin qeyd etdiyimiz prinsiplər əsasında davam etdirilməsində marağının ifadəsidir. Dövlət başçımızın dönmədən nümayiş etdirdiyi praqmatik və milli maraqlara söykənən siyasəti, həyata keçirdiyi humanitar missiya Azərbaycanın nüfuzunu daha da artırmaqdadır. İstər keçən ilin yayında baş vermiş, istərsə də hazırkı münaqişə dövründə dünyanın 4 qitəsini təmsil edən bir sıra dövlətlərin 3 mindən çox vətəndaşının Azərbaycan üzərindən təxliyəsinin həyata keçirilməsi, bununla əlaqədar həmin ölkələrin prezidentlərinin, xarici işlər nazirlərinin İlham Əliyevə təşəkkürlərini çatdırması bu missiyanın bariz nümayişidir. Münaqişənin gedişində Azərbaycanın İrana humanitar yardım göndərməsi, həmçinin ölkəmiz üzərindən üçüncü dövlətlərin humanitar yardımının tranzit keçidinə şərait yaratması ayrıca qeyd olunmağa layiq məqamlardandır. Azərbaycan və İran prezidentlərinin telefon danışıqları zamanı bu məsələ diqqətdə olmuş və İran Prezidenti bununla bağlı Azərbaycan Prezidentinə təşəkkürünü çatdırıb. Rəsmi Tehran yaxşı bilir ki, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsi ümumilikdə regionumuzun maraqlarına xidmət edir. Bəli, Azərbaycan, nəinki regionun lider dövlətlərindən biri kimi, həmçinin beynəlxalq arenada güvənilən tərəfdaş olaraq bölgəmizdə sülhün və təhlükəsizliyin təmin edilməsinə xüsusi önəm verir. Milli maraqların daim prioritet sayıldığı, qarşılıqlı hörmətə, bərabər tərəfdaşlığa söykənən siyasətin ölkəmizə inam və etimadı artırmaqla yanaşı, qlobal miqyasda Azərbaycanın nüfuzuna yeni və müsbət çalarlar əlavə edəcəyinə əminik. Məhz bu siyasətin nəticəsidir ki, yeni dünya düzəninin formalaşdığı, planetdə sülhün və təhlükəsizliyin təmin edilməsinə cavabdeh beynəlxalq institutların və mexanizmlərin işləmədiyi, güc amilinin önə çıxdığı, ətrafımızda qanlı münaqişlərin davam etdiyi indiki dönəmdə Azərbaycan özünəməxsus təhlükəsizlik adasına çevrilib.

* * *

XİN-in məlumatında qeyd olunduğu kimi, bu qərar yalnız texniki və ya inzibati xarakter daşımır. Bu, Azərbaycanın xarici siyasət kursunun – etibarlı qonşuluq münasibətlərinə, dinc yanaşı yaşama prinsipinə verdiyi önəmin praktik təzahürüdür. Bir daha qeyd etmək istərdik ki, Azərbaycanın İrana göstərdiyi humanitar yardım, xüsusilə hərbi eskalasiya dövründə sərhədlərin təhlükəsiz saxlanılması və humanitar yanaşmanın qorunması dövlətimizin humanitar diplomatiyasının mühüm elementləridir. Bu siyasət uzunmüddətli etimad mühitinin formalaşdırılmasında da əhəmiyyət kəsb edir. Azərbaycan bu davranışı ilə regionda etibarlı tərəfdaş imicini daha da gücləndirmiş oldu. Azərbaycan – İran münasibətlərinin sabit inkişafını coğrafi yaxınlıqla yanaşı iqtisadi, enerji və nəqliyyat sahələrində qarşılıqlı əməkdaşlıq da şərtləndirir. Xüsusilə Şimal - Cənub nəqliyyat dəhlizi, Araz dəhlizi kimi layihələr, iki ölkə arasında əməkdaşlığın vacibliyini və intensivliyini artırır. Məhz bu aspektdən yanaşanda Tehran şəhərində səfirliyimizin fəaliyyətinin bərpası etibarlı qonşuluq münasibətlərinin, siyasi və iqtisadi əlaqələrin davamlılığı üçün vacib olduğu qədər də strateji əhəmiyyətə malikdir.

Sonda bir daha qeyd edək ki, Tehranda səfirliyimizin fəaliyyətinin bərpası rəsmi Bakının regional sabitlik kontekstində verdiyi mesajdır. Yəni İranda diplomatik nümayəndəliyimizin ABŞ/İsrail–İran münaqişəsində məhz atəşkəs elan olunduqdan dərhal sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın bölgədə və dünyada sülh təşəbbüslərini dəstəklədiyini və bu istiqamətdə aktiv rol oynamağa hazır olduğunu göstərir. Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, bütövlükdə regionun sabitliyini prioritet hesab edir. Bütün bu amilləri nəzərə aldıqda, səfirliyimizin Tehran şəhərində fəaliyyətinin bərpası səmimi qonşuluq, dostluq münasibətləri, humanitar diplomatiya, liderlərarası dialoq və qarşılıqlı etimadın sintezində formalaşan kompleks yanaşmanın nəticəsi kimi qəbul olunmalıdır.

Bu addım regionda davamlı sülhün təmin olunmasına töhfə verilməsinə xidmət edir. Əslində, bu diplomatik jest Azərbaycanın yürütdüyü çoxvektorlu xarici siyasətin uğur tablosunun yaddaqalan ştrixlərindən biridir.

İmran BƏDİRXANLI
XQ

Seçilən
22
1
xalqqazeti.az

2Mənbələr