ain.az, Xalq qazeti saytına istinadən bildirir.
Aİ genişlənmə ideyasını yenidən nəzərdən keçirir
Ursula Fon der Lyayenin xeyli genişlənmiş Avropa İttifaqı planları ciddi maneə ilə üzləşib. Üzv dövlətlərin bir çoxu mövzunu müzakirə etmək belə istəmir. Görünür, bir zamanlar “açıq qapı” siyasəti ilə qitəni birləşdirməyə çalışan Avropa bu gün tərəddüd içində düşünür ki, qapıları kimin üzünə və nə vaxt açmaq lazımdır? Bu suallar dərin siyasi və psixoloji məzmun kəsb edir. Çünki genişlənmə bu gün risk, məsuliyyət və qeyri-müəyyənlik anlayışı ilə eynilik təşkil edir.
Populizmin yüksəlişi, referendum kabusu və keçmiş genişlənmələrin doğurduğu məyusluqlar Avropa paytaxtlarında görünməz “qırmızı xətt” yaradıb. Bu xəttin o tayında isə risklər dayanır. Bu gün Parisdə, Berlində, Haaqada verilən qərarlar seçici kütləsinin reaksiyası ilə ölçülür. Fransa kimi ölkələrdə məsələ daha həssasdır. Parisdə genişlənmə məsələsi referendumla sınağa çəkilən siyasi qərar kimi dəyərləndirilir. Cordan Bardella kimi populist fiqurlar üçün genişlənmə mövzusu siyasi mobilizasiya vasitəsinə çevrilib. Çünki Eduard Flipp ilə mübarizədə bu məsələ daxili hakimiyyət uğrunda mübarizənin bir parçası kimi qəbul edilir. Başqa sözlə desək, genişlənmə qərarı Brüssellə yanaşı, müxtəlif seçki məntəqələrində həll olunur.
Əslində, məsələni daha dərindən təhlil etsək, görərik ki, işin belə gətirməsində “Macarıstan sindromu”nun rolu böyükdür. 2004-cü ildən sonra Macarıstan ilə bağlı yaşanan təcrübə Avropanın yaddaşında dərin iz buraxıb. Viktor Orban dövründə Budapeştin veto siyasəti Aİ-nin daxili mexanizmlərini sarsıdan əsas faktorlardan biri oldu. Bu gün Brüsseldə verilən hər bir qərarın arxasında həmin təcrübənin kölgəsi dayanır. Yeni üzv anlayışı potensial risk kimi qiymətləndirilir ki, belə olan halda, genişlənmənin fəlsəfəsi dəyişir. Avropa Komissiyası daxilində “macarıstansızlaşdırma” kimi ifadələrin səslənməsi bunu bir daha təsdiqləyir. Paraleldə 2004-cü ildə Varşavanın Aİ-yə qoşulması ərəfəsində ortaya çıxan “polyak santexnik” sindromu da bu gün yenidən aktuallaşıb. Həmin dövrdə Şərqi Avropadan gələn daha ucuz işçi qüvvəsi simvolik olaraq “polyak santexnik” adlanırdı. Onların Qərbi Avropada yerli və daha yüksək maaşlı işçilərin yerini əlindən alması ehtimalı yüksək idi. Zamanla bu termin daha geniş məna qazandı, sosial təminat sisteminə yük, maaşların aşağı düşməsi və mədəni uyğunlaşma ilə bağlı narahatlıqları ifadə etməyə başladı.
Ukrayna məsələsi mövcud tərəddüdün yeni nümunələrindəndir. Bir tərəfdə müharibə, təhlükəsizlik və geosiyasi zərurət dayanır, digər tərəfdə isə seçki qorxusu, sosial narahatlıqlar və institusional risklər. Avropa Ukraynanı qəbul etməyin strateji əhəmiyyətini anlasa da, bu addımın daxili siyasi nəticələrindən çəkinir. Uzun sözün qısası, hər zamankı Avropa dilemması müşahidə olunur. Eyni vəziyyət Moldova və Qərbi Balkanlar üçün də keçərlidir. Monteneqro kimi ölkələrin prosesdə ilişib qalması göstərir ki, problem qərar vermək istəməyən Avropadadır və “qoca qitə”nin tərəddüd dalğaları qonşu regionlara da yayılır.
Cənubi Qafqaz da Avropanın qərarsızlığının passiv izləyicisinə çevrilir. Son dövrlər Gürcüstan Avropa yolunda addımlasa da, qarşısında açılan qapıların real olub-olmadığı sual altındadır. Ermənistan isə dəyişən geosiyasi mühitdə yeni dayaqlar axtarır. Hazırkı mənzərədə Azərbaycan daha fərqli mövqe tutur. Bakının Avropa ilə münasibətləri praqmatik çərçivədə qurulur. Avropa Şurası Parlament Assambleyası ilə bağlı gözləntilər də bu praqmatizmin tərkib hissəsidir. Aİ-nin ölkəmizə yanaşmasında müşahidə olunan müsbət dəyişikliklər gələcək perspektivdə qarşı tərəfdən sözügedən məsələ ilə bağlı təşəbbüs ehtimalını gücləndirir.
Hazırda Aİ-nin əsas problemi dəyişən dünyaya uyğunlaşmadır. Qlobal siyasət sürətlənir, təhlükəsizlik çağırışları artır, geosiyasi rəqabət kəskinləşir. Lakin “qoca qitə” hələ də konsensus, yekdillik və uzun müzakirələr üzərində qurulan mexanizmlərlə hərəkət edir. Ursula Fon der Lyayenin yekdillik prinsipinin dəyişdirilməsi ilə bağlı çağırışları məhz bu ziddiyyətin nəticəsidir. Avropa ya dəyişməlidir, ya da dəyişən dünyada geri qalmalıdır. Üçüncü yol isə getdikcə daralır. Birlik nəzərə almalıdır ki, bu gün genişlənmədən əlavə öz gələcəyinə qərar verir. Qapıları açmaq nə qədər riskli olsa da, onları bağlı saxlamaq daha böyük risk daşıyır. Çünki bağlı qapılar Avropanın özünü də müəyyən proseslərdən təcrid edir. “Qoca qitə” artıq köhnə komfort zonasına qayıda bilməz. Əgər Avropa tərəddüd etməyə davam edərsə, tarix onun bu sükutunu itirilmiş fürsət kimi xatırlayacaq.
Sonda bu qənaətə gəlmək olar ki, genişlənmə məsələsi Avropa üçün çoxqatlı dilemmanı ifadə edir. Bir tərəfdə strateji zərurət, digər tərəfdə isə daxili sabitlik dayanır. İki xətt arasında balans yaratmaq getdikcə çətinləşir. Çünki hər bir qərar həm daxili, həm də xarici nəticələr doğurur. Məhz bu kontekstdə Aİ-nin qərarvermə mexanizmlərinin effektivliyi məsələsi yenidən gündəmə gəlir. Yekdillik prinsipi uzun illər konsensusun təmin olunması üçün əsas alət kimi çıxış etsə də, müasir mərhələdə eyni mexanizm daha çox bloklayıcı funksiya daşıyır. Ayrı-ayrı üzv dövlətlərin milli maraqlarını ön plana çəkməsi ümumi qərarların qəbulunu çətinləşdirir və Aİ-ni daha passiv aktora çevirir.
Genişlənmə ilə bağlı qeyri-müəyyənlik Aİ daxilində siyasi liderlik məsələsini də aktuallaşdırır. Tarixən Avropa inteqrasiyası güclü siyasi iradə sayəsində irəliləyib. Bu gün isə vahid liderlik xəttinin olmaması qərarların gecikməsinə səbəb olur. Fərqli milli maraqlar və siyasi prioritetlər isə ümumi strategiyanın formalaşmasını çətinləşdirir.
Fikrət SADIXOV,Qərbi Kaspi Universitetinin professoru, politoloq
Avropa İttifaqının siyasi prioritetlərində müəyyən dəyişikliklər müşahidə olunur, xüsusilə də postsovet respublikalarına münasibətdə. Bir zamanlar bu ölkələr üçün qapıların açıq olduğu dəfələrlə bəyan edilirdi və vurğulanırdı ki, müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə onların Birliyə inteqrasiyası əsas istiqamətlərdən biri hesab olunur. Lakin mövcud geosiyasi reallıqlar bu yanaşmaya təsirsiz ötüşmədi. Dünyada baş verən hadisələr, siyasi gərginliklər, böhranlar və münaqişələr Brüsselin siyasi kursuna da düzəlişlər gətirdi.
Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Aİ-nin postsovet respublikalarını, o cümlədən Gürcüstan və Ermənistanı sürətli şəkildə qəbul etmək niyyətində olmadığı daha aydın görünür. Bu yanaşmanın əsas səbəblərindən biri Rusiya amilinin hələ də güclü təsir imkanlarına malik olmasıdır. Brüssel anlayır ki, belə bir genişlənmə Moskvanın ciddi müqaviməti ilə qarşılaşa bilər və bu, hazırkı mərhələdə onların maraqları ilə üst-üstə düşmür. Ermənistanın özü də etiraf edir ki, Aİ-yə inteqrasiya uzunmüddətli prosesdir və bu istiqamətdə müəyyən hazırlıq addımları atılsa da, nəticə zaman tələb edir. Rəsmi İrəvan vəziyyətin həssaslığını anlayır və Rusiya ilə münasibətləri nəzərə almağa çalışır. Çünki ölkənin təhlükəsizlik arxitekturasında Moskvanın rolu hələ mühüm olaraq qalır və bu amil istənilən anda təsir rıçaqlarının işə salınmasına şərait yarada bilər. Ermənistanın Baş naziri ilə Rusiya prezidenti arasında keçirilən görüşlərdə də bu reallıq açıq şəkildə özünü göstərir.
Azərbaycanın Aİ platformalarındakı fəaliyyətinin dayandırılmasına gəlincə, bu addım Birliyin nümayiş etdirdiyi ikili standartlara cavab olaraq atılıb. Azərbaycana qarşı qərəzli yanaşmalar, xüsusilə ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasına münasibətdə sərgilənən mövqe qəbulolunmaz hesab edilir. Azərbaycan 30 ilə yaxın davam edən işğal və separatçılıqdan sonra öz suveren hüquqlarını təmin edib. Qarabağ bölgəsinin ölkənin nəzarətinə qaytarılması beynəlxalq hüququn prinsiplərinə uyğun addım kimi qiymətləndirilir. Bu reallığın qəbul edilməməsi isə təəssüf doğurur. Rəsmi Bakı öz mövqeyində qətidir, əgər Aİ siyasi kursunda obyektiv və ədalətli yanaşmaya üstünlük verərsə, əməkdaşlığın bərpası mümkündür. Lakin bunun üçün Azərbaycana qarşı irəli sürülən əsassız iddialar və qərəzli yanaşmalar aradan qaldırılmalıdır. Bu gün regionda formalaşmış yeni reallıqların qəbul edilməsi isə konstruktiv dialoq üçün əsas şərtdir.
Nəzrin ELDARQIZIXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.