AZ

Yaponiya ASEAN ölkələrinə neft alışı üçün 10 milyard dollar ayıracaq

Yaponiya hökuməti Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv ölkələrə tibbi məhsulların istehsalını dəstəkləmək məqsədilə neft alışı üçün 10 milyard dollar ayırmaq qərarına gəlib. Bu barədə NHK telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Yaponiya bu ölkələrdə tibbi məhsulların istehsalının qorunub saxlanılmasında və fasiləsiz tədarükün təmin olunmasında maraqlıdır. Bu məhsullar, o cümlədən dializ prosedurları və tibbi əlcəklərin istehsalı üçün vacibdir. Maliyyələşmə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) vasitəsilə həyata keçiriləcək.

Yaponiya Baş naziri Sanae Takaichi qərarı 15 aprel tarixində keçiriləcək Asiya Sıfır Emissiya İcması (AZEC) iştirakçıları ilə onlayn sammit zamanı elan etməlidir.

Bundan əlavə, NHK-nın məlumatına görə, Yaponiya böyük neft ehtiyatlarının saxlanması sistemlərinin təşkili sahəsində təcrübəsini ASEAN ölkələri ilə bölüşəcək. Ölkə neft ehtiyatlarını 1978-ci ildən toplamağa başlayıb. 2025-ci ilin dekabr ayının sonuna olan məlumata əsasən, bu ehtiyatların həcmi 470 milyon barel təşkil edib ki, bu da təxminən 254 gün üçün kifayət edir. Yaponiyanın xam neft idxalında Yaxın Şərqdən asılılığı çox yüksəkdir — bu, ümumi idxalın 90%-dən çoxunu təşkil edir.

Seçilən
8
banker.az

1Mənbələr