AZ

Ermənistanı müdafiə edən jurnalist qara siyahıya düşdü

Rusiyada tanınmış jurnalistə qarşı yeni hüquqi addım atılıb.

Musavat.com xarici mənbələrə istinadən xəbər verir ki, “Echo Moskvy” radiosunun sabiq baş redaktoru Aleksey Veneditkov barəsində “arzuolunmaz təşkilatla əməkdaşlıq” ittihamı ilə inzibati protokol tərtib edilib.

Məlumata görə, işin materialları Moskvanın Çeremuşki məhkəməsinə təqdim olunub. Lakin protokolun konkret hansı səbəbdən tərtib edildiyi açıqlanmır. Veneditkov isə ittihamları rədd edərək bildirib: “Mən 358 təşkilatdan heç biri ilə əməkdaşlıq etməmişəm”.

Qeyd olunur ki, məhkəmə iclası 14 may 2026-cı il tarixinə təyin edilib. Sözügedən maddə üzrə jurnalisti 5 min rubldan 15 min rubla qədər cərimə gözləyə bilər. Təkrar hal baş verərsə, məsuliyyət cinayət işinə çevrilə və maksimum 4 ilədək azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.

Aleksey Veneditkov 1998–2022-ci illərdə Echo Moskvy radiosuna rəhbərlik edib. Ukraynadakı müharibənin başlanmasından sonra Rusiya Baş Prokurorluğu radionun fəaliyyətini “ekstremizm çağırışları və yanlış məlumat yayımı” iddiası ilə məhdudlaşdırıb. Daha sonra Qazprom-Media holdinqinə daxil olan media qurumu ləğv edilib.

Bundan sonra Veneditkov komandası ilə birlikdə “Jivoy Qvozd” adlı YouTube platformasında fəaliyyətini davam etdirib. Paralel olaraq Almaniyada jurnalist Maksim Kurnikovun rəhbərliyi ilə “Echo” adlı yeni media layihəsi yaradılıb və Rusiya tərəfindən “arzuolunmaz təşkilat” elan edilib.

Məlumata görə, Veneditkov 2022-ci ildə “xarici agentlər” siyahısına daxil edilib. O isə bu qərarın əsas səbəbi kimi aldığı əməkhaqqını və “Diletant” jurnalından əldə etdiyi dividendləri göstərib və qərardan şikayət edəcəyini bildirib.

Qeyd edək ki, son dövrlərdə Rusiyada “arzuolunmaz təşkilatlarla əməkdaşlıq” ittihamı ilə çoxsaylı inzibati işlər açılır və bu, media mühiti ilə bağlı müzakirələri daha da artırır.

Xatırladaq ki, Aleksey Veneditkov son səfəri zamanı İrəvanda verdiyi müsahibələrdə də diqqətçəkən və Azərbaycan üçün həssas açıqlamalar səsləndirib. O iddia edib ki, Rusiyanın resurs çatışmazlığı səbəbindən Azərbaycanın Qarabağı geri qaytarmasına mane olmaq mümkün olmayıb. Veneditkovun sözlərinə görə, Ukraynadakı müharibədən sonra resurslar “azad olarsa”, Kreml bu məsələyə yenidən qayıtmağı planlaşdıra bilər. O, eyni zamanda Ermənistan rəhbərliyinin Azərbaycanla sülhə getməsini “səhv addım” kimi qiymətləndirib və Moskva elitasının münasib fürsət gözlədiyini bildirib.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr