AZ

Topunu “itirən” Ermənistan – Rubinyanın Türkiyədən yersiz GİLEYİ və…

Topunu “itirən” Ermənistan – Rubinyanın Türkiyədən yersiz GİLEYİ və…

Ermənistan-Türkiyə münasibətləri ilə bağlı yeni açıqlama var. Hakim “Vətəndaş müqaviləsi” partiyasından parlament sədrinin müavini, Türkiyə ilə əlaqələrin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan sərhədlərin açılması məsələsində təşəbbüsün artıq Ermənistan tərəfində olmadığını iddia edib.

Onun sözlərinə görə, Ermənistan üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması istiqamətində bütün addımları atıb, keçid məntəqələrini bərpa edib. Rubinyan qeyd edib ki, Türkiyə də bu ildən öz tərəfində işlərə başlayıb və İrəvan razılaşmaların icrasını gözləyir: “Top artıq bizim tərəfdə deyil”.

Amma o, nədənsə bu prosesin Azərbaycanla sülh sazişi ilə əlaqələndirilməsinə də şübhə ilə yanaşıb. Bildirib ki, tərəflər arasında Ani tarixi körpüsünün bərpası ilə bağlı razılaşma mövcuddur və sənədləşmə prosesi davam edir. Maraqlıdır ki, ardınca erməni siyasətçi Antalyada keçiriləcək növbəti diplomatik forumda iştirak etməyəcəyini söyləyib və Ermənistan nümayəndə heyətinin də tədbirə qatılıb-qatılmayacağı ilə bağlı əlavə məlumat veriləcəyini deyib. Yəni bor növ minnət məsələsi…

Ruben Rubinyan təbii ki, əlbəttə ki, blef edir. Arzusunu reallıq kimi təqdim eləməyə çalışır. Necə deyərlər, özü yıxılan ağlamaz.

Yada salaq ki, ötən ilsonu Türkiyə rəhbərliyi 2026-cı ildə Ermənistanla bağlı bəzi pozitiv addımlar atacağını anons eləmişdi. Hələ ki, bu yöndə yenilik yoxdur. Ola bilsin ki, 7 iyun seçkiləri ərəfəsi Baş nazir Nikol Paşinyanın mövqeyini gücləndirəcək hansısa olayların şahidi olaq.

Türkiyə

Ancaq bütün hallarda, zərrəcə şübhə yoxdur ki, bu kimi addımlar rəsmi Bakı ilə ortaq razılaşma əsasında reallaşacaq. O cümlədən sərhədlərin və hansısa keçid məntəqəsinin açılması, həmçinin, mayda İrəvanda keçirilməsi nəzərdə tutulan Avropa Siyasi Birliyinin növbəti sammitinə Azərbaycan və Türkiyə liderlərinin qatılmaq məsələsində konsensus mütləq gözlənəcək. Az öncə rəsmi Ankara bu xüsusda bir daha öz ənənəvi mövqeyini bəyan eləməklə sui-zənnə yer saxlamayıb…

Azərbaycana gəlincə, biz onsuz da bir ilə yaxındır Ermənistana birtərəfli qaydada güzəşt edirik. Söhbət vaxtaşırı qonşu ölkəyə ərazimizdən tranzit yüklərin və neft məhsullarının göndərilməsindən gedir. Sonuncu belə bir partiya elə dünən yola salınıb.

Lakin həm Azərbaycan, həm də Türkiyə ilə iqtisadi-ticari əlaqələrin tam həcmdə qaydaya düşməsi və sərhədlərin açılması üçün siyasi-diplomatik əlaqələr qurulmalıdır. Bu isə ən əvvəl Bakı və İrəvan arasında artıq paraflanmış sülh müqaviləsinin imzalanmasından keçir. Əsas şərt-tələb bəlli…

Məsələ də bundadır ki, Ermənistan iki aparıcı qonşu ilə münasibətlərin qaydaya düşməsi üçün ondan asılı olan hər şeyi heç də etməyib. Bu ölkənin konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları hələ də qalır. O sırada “Əsas Qanun”da qardaş dövlətə indiki Ermənistandan 6 dəfə böyük (186.5 min kv km!) torpaq iddiası var.

Başqa sözlə, Ermənistan BMT-yə, ATƏT-ə bir 29.7 min kv km-lik ərazi ilə üzv olubsa, hazırkı konstitusiyasına görə, sahəsı 34.1 min kv km-dir – keçmiş “Dağlıq Qarabağ”la (4.4 min kv km) birgə. Türkiyənin “qərbi ermənistan” adlandırılan 6 vilayətini bura əlavə eləsək, 220.6 min kv km edər.

Qısası, “top” nə Türkiyənin, nə də ki, Azərbaycanın meydanındadır. “Top” Ermənistanın meydanındadır. Özü də çoxdan. Çünki Bakı da, Ankara da Ermənistanda hansısa siyasi qüvvə ilə yox, erməni xalqı ilə sülh bağlamaq istəyir ki, bütün zamanlar və bütün rejimlər üçün qüvvədə olsun, legitimlik daşısın. Odur ki, seçim erməni toplumunundur…

Musavat.com

Seçilən
0
1
editor.az

2Mənbələr