ain.az, Moderator.az saytına istinadən bildirir.
“Həmin məbləğlə veteran döyüşçü heç ailəsinin aylıq kommunal xərclərini də ödəyə bilməz. Özü də nəzərə alaq ki, həqiqi veteranların xeylisi əlil olmasa da, onların müxtəlif orqanlarında, psixikasında müxtəlif dərəcəli zədələr var, bədənlərində 30 ildən çox qəlpələr daşıyanlar var...”
“Alayda mənim müavinlərim olmuş döyüşçülərimiz var ki, onlara bu günədək veteran adı verilməyib. Mənim əsgərlərim var, faktiki döyüşüblər, amma veteran adı ala bilməyiblər. Neçəsinin bu işlə bağlı məhkəməsində iştirak etmişəm...”
Xəbər verildiyi kimi, Azərbaycanda 80 manat məbləğində aylıq Prezident təqaüdü verilən müharibə veteranlarının sayı açıqlanıb. Trend-in əldə etdiyi məlumata görə, 2026-cı ildə 182 961 veteran Prezident təqaüdü alır.
Xəbərdə daha sonra deyilir:
“Bu göstərici onu deməyə əsas verir ki, hər ay 14 636 880 manat vəsait müharibə iştirakçılarına sosial müavinət kimi ödənilir.Təqaüd alan veteranların sayı 2025-ci ildə 184 696, 2024-cü ildə 183 967, 2023-cü ildə 182 176, 2022-ci ildə 95 417, 2021-ci ildə isə 94 915 olub. 2021-2025-ci illər arasında onların sayı 2 dəfəyədək artıb...”
Sosial şəbəkələrdə əksəriyyəti müharibə iştirakçısı olan istifadəçilər mövzuya müxtəlif aspektdən reaksiya verib. Əksəriyyət ölkədəki müharibə veteranların sayını əks etdirən rəqəmin şişirdilmiş olduğunu, xeyli vətəndaşın həmin adı saxta şəkildə əldə etdiyini bildirib, bununla yanaşı, bir çox müharibə iştirakçılarının hələ də veteran adı almadığı da qeyd olunub. Eyni zamanda Prezidenti təqaüdü adı ilə veteranlara verilən və 2019-cu ildən bəri artırılmayan müavinətin çox aşağı məbləğdə olduğu, bunun istər qalib dövlətin, istərsə də ordunun adına yaraşmadığı vurğulanıb.
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa aşağıdakı fikirləri səsləndirib.
“Hesab edirəm ki, ölkədə müharibə veteranlarının rəsmi sayını göstərən 182 min 961- həddən artıq şişirdilmiş rəqəmdir. 182 min çox böyük bir rəqəmdir; bu böyük bir ordu deməkdir. İkincisi, də, məsələn, mən konkret bilirəm ki, vaxtilə komandiri olduğum Laçın alayı döyüşçülərindən də əksəriyyətinə veteran adı verilib, amma xeylisinə də verilməyib. Eyni zamanda I Qarabağ savaşının veteranı adı alan adamlar tanıyıram ki, onların heç bir döyüşdə, postda olmadığı hamıya məlumdur. Halbuki, alayda mənim müavinlərim olmuş döyüşçülərimiz var ki, onlara bu günədək veteran adı verilməyib. Mənim əsgərlərim var, faktiki döyüşüblər, amma veteran adı ala bilməyiblər. Neçəsinin bu işlə bağlı məhkəməsində iştirak etmişəm...
Laçın alayının döyüşdə olmuş komandiri kimi mənim özümə uzun bürokrtaik süründürməçilikdən, məhkəmələrdən sonra 2000-ci illərin əvvəlində müharibə veteranı adı verilib. Buna da komandiri olduğum döyüşçülər məhkəmədə “Biz konkret tarixlərdə döyüşdə olmuşuqsa, bizim komandirimiz kim olub?” sualını təkidlə verəndən sonra nail olunub. Bundan əlavə, bütün döyüş mövqelərində tibbi personal olmayan, tibbi uçotun aparılması mümkün olmayan 1990-1994-cü illərdəki döyüşlər zamanı yaralanaraq müxtəlif əzalarını itirən, yaxud ciddi beyin zədəsi alan oğullarımız da müharibə əlili adı ala bilmir. Onlara deyilir ki, döyüşdə yaralanmağınız haqda sənədiniz yoxdur. Halbuki o vaxt həmin oğullarımız heç bir təmənna, fayda güdmədən, gələcəkdə veteran, yaxud əlil statusu, təqaüd, pensiya alıb-almayacağını düşünmədən, sadəcə Vətən, torpaq, bayraq uğunda döyüşlərə atılıblar. Belə neçə döyüşçü tanıyıram ki, gözümüzün qarşısında 3-4 yerdən ağır yaralanıb, əl-ayağını itirsə də, onlara “müharibə əlili” statusu verilməyib.
Xülasə, yenə deyirəm ki, 182 mindən çox veteran sayı inandırıcı rəqəm deyil. Ən vacibi, şəhid və qazilərimizin canı-qanı, həmin gerçək veteranların cəsarət və fədakarlığı sayəsində işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsindən, yəni möhtəşəm Qələbəmizdən sonra Azərbaycanda “müharibə veteranı” adı daşıyan döyüşçü, mübariz vətəndaşa cəmi-cümlətanı 80 AZN təqaüd verilməsi gerçəkdən utancvericidir. Və bu nə qalib orduya, nə də qalib dövlətə, ölkəyə, xalqa yaraşan haldır. Həmin məbləğlə veteran döyüşçü heç ailəsinin aylıq kommunal xərclərini də ödəyə bilməz. Özü də nəzərə alaq ki, həqiqi veteranların xeylisi əlil olmasa da, onların müxtəlif orqanlarında, psixikasında müxtəlif dərəcəli zədələr var, bədənlərində 30 ildən çox qəlpələr daşıyanlar var. Və yaşları artdıqca belə insanların səhhətləri ağırlaşır, nəinki iş, normal hərəkət etmək, yeyib-içmək qabuiliyyətlərini də itirirlər. Yəni mütəmadi müalicəyə, dərmana ehtiyacları gündən-günə çoxalır. Biz dəfələrlə bu barədə müvafiq qurumlar qarşısında məsələ qaldırmışıq. Hökumət bütün bu deyilən və deyilməyən amilləri nəzərə alaraq gərəkli tədbir görməlidir...”
Sultan Laçın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.