Müasir dövrdə sosial şəbəkələrin həyatımızda tutduğu yer artdıqca, insanların zahirdə xoşbəxt və uğurlu görünməsi ilə daxildə hiss etdiyi boşluq arasındakı ziddiyyət daha qabarıq şəkildə özünü göstərir.
Gülən üzlər, aktiv paylaşımlar və “ideal həyat” görüntüsü bir çox hallarda reallığı əks etdirmir. Bəs niyə bu qədər “yaxşı görünən” insanların içində izah olunmayan bir boşluq hissi yaranır?
“Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib ki, müasir cəmiyyətdə insanların xaricdən xoşbəxt və uğurlu təsir bağışlamasına baxmayaraq, daxildə emosional boşluq hiss etməsinə səbəb real həyatı yaşamaqdan daha çox onu nümayiş etdirməyə üstünlük verməsidir:

"Bu gün hər kəs yaxşı görünür, gülür, paylaşır, aktivdir, amma bir çox insanın içində izah olunmayan bir boşluq var. Bunun əsas səbəbi insanın həyatını yaşamaqdan çox göstərməyə fokuslanmasıdır. İnsan öz hisslərini gizlədib yalnız yaxşı tərəflərini göstərdikcə, daxildə yığılmış emosiyalar boşluq hissinə çevrilir.
Üstəlik, başqalarının “ideal” həyatını görüb özünü onlarla müqayisə etmək insanın özünü yetərsiz hiss etməsinə səbəb olur". Samirə İsmayılova əlavə edib ki, psixoloji olaraq bu boşluq insanın özündən uzaqlaşmasının nəticəsidir: "İnsan nə hiss etdiyini anlamadıqda və öz ehtiyaclarını görmədikdə daxilində bir çatışmazlıq yaranır.
Bu vəziyyətdən çıxış yolu isə sadədir, amma dəyərlidir: özünə qayıtmaq. Öz hisslərini qəbul etmək, özünü başqaları ilə yox, özünlə müqayisə etmək və real həyatda səni qidalandıran münasibətlərə yönəlmək.
Çünki insanın içini dolduran şey başqalarının gördüyü deyil, onun həqiqətən yaşadığı hisslərdir. Başqalarını izləməyin öz həyatınıza fokslanın və xoşbəxt olmagı bacarın".