AZ

TƏBİB in müasir, dayanıqlı və səmərəli inkişafına möhkəm zəmin

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanda həyata keçirilən sosial siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Ölkədə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 10-dan artıq dövlət proqramının uğurlu icrasına nail olunub və bu davam etməkdədir. "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya"sı "2016-2020-ci illər üçün şəkərli diabet üzrə Dövlət Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı", "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" və s. insan həyatı və sağlamlığına zərbə vura biləcək halların qarşısının alınmasında əhəmiyyət kəsb edib. Bütün bunlar Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşamasının, ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyinin təzahürüdür.

Azərbaycanda səhiyyə sistemində mərhələli həyata keçirilən islahatlar sırasında icbari tibbi sığorta modelinin tətbiqidir. Mərhələli şəkildə xidmətlər paketinin genişlənməsi, əlçatanlığın artırılması bu sahəyə dövlət himayəsinin güclənməsi ilə yanaşı, cəmiyyətin sosial baxımdan müxtəlif təbəqələrinin həyat səviyyəsinin artırılmasına hesablanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial siyasətin başlıca prioritetlərindən biri səhiyyə sisteminin əhalinin sağlamlığının qorunmasın rolunun daha da gücləndirilməsi, bu sistemin qabaqcıl dünya təcrübəsi əsasında daha təkmil, çevik və səmərəli mexanizmlər üzərində qurulmasıdır.

İCBARİ TİBBİ SIĞORTA SAHƏSİNDƏ İDARƏETMƏ TƏKMİLLƏŞDİRİLİR

Bu siyasətin ardıcıl icrası, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyənin inkişafına xüsusi diqqəti sayəsində tibb infrastrukturunun müasir tələblərə uyğun modernləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətlərində mühüm nailiyyətlər əldə olunur. 2004-cü ildən Fond Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsini[ həyata keçirir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər.

Talassemiya xəstəliyinin qarşısının alınması məqsədilə 2005-ci ildə "Talassemiyasız həyat naminə" layihəsinə start verilmişdir. Layihə çərçivəsində 2009-cu ildə Bakıda müasir avadanlıqla təchiz olunmuş Talassemiya Mərkəzi inşa edilmişdir. Fondun təşəbbüsü ilə paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir. Fondun dəstəyi ilə indiyədək 35 mindən çox insan yerli klinikalarda müalicə edilmiş, 8 minə yaxın xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyyə əməliyyatı olunmuş, onların bir qismi müayinə və əməliyyat üçün xarici ölkələrə göndərilmişdir.

Fond tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasında yaxından iştirak edir. Belə ki, fond tərəfindən Türkan qəsəbəsində poliklinikanın və təcili tibbi yardım stansiyasının inşası, Şüvəlan qəsəbəsində 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, Ucar rayonunun Qazıqumlaq kəndində Akademik Zərifə Əliyeva adına Xəstəxananın əsaslı bərpası, 2008-ci ildə Zirə Müalicə Diaqnostika Mərkəzinin yenidən qurulması və s. görülən işlər sirasındadır.

TƏBİB-İN ROLU GENİŞLƏNDİRİLİR

Prezident İlham Əliyevin "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" bu ilin martın 19-da imzaladığı Fərman isə yeni islahat mərhələsinə keçid üçün baza rolunu oynayır, sistemin idarəetmə istiqamətinin yenilənməsindən xəbər verir. Fərmanda icbari tibbi sığorta sistemində funksiyaların yenidən bölüşdürülməsi, sosial müdafiə və səhiyyə institutları arasında inteqrasiyanın gücləndirilməsi və TƏBİB-in rolunun genişləndirilməsi nəzərdə tutulur.

Müvafiq səlahiyyətlərin bu quruma verilməsi tibbi yardımın birbaşa göstərilməsi ilə yanaşı, müalicə prosesinin fasiləsizliyini və tamlığını təmin edən əlaqəli xidmətlərin idarə olunmasını da vahid struktur çərçivəsində cəmləşdirməyə imkan yaradır. TƏBİB-in funksional əhatəsinin genişləndirilməsi tibbi xidmətlərin daha bütöv idarəetmə modelinin formalaşmasına şərait yaradır. Bununla əhaliyə göstərilən xidmətlərin keyfiyyəti, əlçatanlığı və vaxtında təmin olunmasına görə məsuliyyət daha aydın şəkildə müəyyən edilir. Bu, artıq inzibati həlqələrin aradan qaldırılmasına və qərarların qəbul edilməsinin sürətləndirilməsinə zəmin yaradır;

SƏHİYYƏ SİSTEMİNDƏ İSLAHATLARA STRATEJİ NƏZARƏT

TƏBİB-in səhiyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsində rolu daha da güclənir. Xəstələrin dərman və tibbi vasitələrlə təminatı ilə bağlı funksiyaların mərkəzləşdirilməsi müvafiq proseslərin şəffaflığının, idarəolunmasında səmərəliliyin artmasına, eləcə də resurslardan daha rasional istifadəyə imkan yaradacaq. TƏBİB-in institusional inkişafı baxımından onun korporativ idarəetmə sisteminin yenilənməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2026-cı il tarixli Sərəncamı ilə TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi təsdiq edilib. Yeni yanaşma səhiyyə sistemində islahatlara strateji nəzarət və bu sahədə koordinasiya gücləndiriləcək, kompleks qərarların həyata keçirilməsində qurumlararası əməkdaşlıq güclənəcək, əsas idarəetmə və maliyyə qərarları daha operativ razılaşdırılacaq. Eyni zamanda, təşkilatın fəaliyyətində hesabatlılıq və şəffaflıq möhkəmləndiriləcək. Həyata keçirilən institusional dəyişikliklər TƏBİB-in müasir, dayanıqlı və səmərəli təşkilat kimi inkişafı üçün möhkəm zəmin yaradır, onun səhiyyə sisteminin çağırışlarına operativ uyğunlaşma qabiliyyətini artırır və əhaliyə yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsini təmin edir. Yeni modelin tətbiqi TƏBİB-in daha çevik, nəticəyönümlü və vətəndaş ehtiyaclarına fokuslanan yeni idarəetmə səviyyəsinə keçidinə imkan verir və ölkədə tibbi xidmətlərin göstərilməsində onun rolunu daha da möhkəmləndirir.

Müasir dövrdə Səhiyyə sistemində aparılan uğurlu islahatlar nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı gücləndirilib, bütövlükdə səhiyyə sahəsində nailiyyətlər əldə edilib. Müxtəlif səhiyyə müəssisələrinin, o cümlədən xəstəxanaların, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin, poliklinikaların inşası həyata keçirilib, səhiyyə ocaqları əsaslı təmir olunub və lazımi avadanlıqla təmin edilib. Bu gün Azərbaycanda səhiyyənin inkişafı istər yeni tibb ocaqlarının inşasında, istər mövcud xəstəxana və tibb mərkəzlərinin bərpasında, istərsə də tibb müəssisələrinin ən müasir avadanlıqla təchiz edilməsində özünü daha qabarıq büruzu verir. Bütün bunlar sübut edir ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi istiqamətində icra olunan layihələri Azərbaycan Prezidenti İlham Əliyev daim nəzarətdə saxlayır.

Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 700-ə yaxın səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi insan sağlamlığına ayrılan diqqətin bariz nümunəsidir. Bu gün ölkəmizdə "Talassemiya" Mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri və s. əhaliyə lazımi xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir.

"BİZ ARTIQ AZƏRBAYCAN STANDARTLARINDAN DA DANIŞA BİLƏRİK”

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın". Bu, onun göstəricisidir ki, Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsinə uyğunlaşdırılır. Dövlət başçısı "biz artıq Azərbaycan standartlarından da danışa bilərik" deməklə, Azərbaycan səhiyyəsindəki gerçəkliklərə əsaslanır: "İndi dünya səviyyəsində müxtəlif elmi mərkəzlər var və bizim mərkəzlər - son illər ərzində təmir edilmiş, yaxud da ki, yeni tikilmiş mərkəzlər bütün cəhətlərdən ən yüksək səviyyədədir: həm keyfiyyət, həm rahatlıq, palataların ölçüləri, xəstələrə, həkimlərə yaradılmış şərait və əlbəttə ki, avadanlıq."

Bu layihələr, eyni zamanda, vətəndaşlarımızın məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanması ilə bağlı görülən mühüm işlərin davamlı olduğunu göstərir. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var".

"İNSAN SAĞLAMLIĞI SOSİAL MƏSƏLƏLƏR ARASINDA ƏN BİRİNCİ YERDƏDİR VƏ BU GÜN AZƏRBAYCANDA BU SAHƏDƏ GÖZƏL NƏTİCƏLƏR VAR"

Məlum olduğu kimi, ölkəmizdə açıq ürək, böyrəkköçürmə əməliyyatlarının keçirilməsi səhiyyəmizin uğurlu inkişafını şərtləndirən amillərdir. Əlbəttə ki, bu əməliyyatların ölkə daxilində aparılması, səhiyyəmizin inkişafına söykənir. Ölkəmizdə talassemiyalı və hemofiliyalı xəstələrin müalicəsində müsbət nəticələr əldə edilmişdir. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.

Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin maliyyə imkanlarının çoxalması və həyata keçirilən siyasi kurs dövlət büdcəsindən səhiyyəyə ayrılan maliyyə vəsaitinin artmasına imkan verir və Azərbaycan səhiyyəsində bir sıra işlərin keyfiyyətlə həyata keçirilməsinə şərait yaradır. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir. "İnsan sağlamlığı sosial məsələlər arasında ən birinci yerdədir və bu gün Azərbaycanda bu sahədə gözəl nəticələr var", - deyən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan səhiyyəsi müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşayır.

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
sesqazeti.az

1Mənbələr