Dünyanın bir çox regionlarında bu gün münasibətilə ağacəkmə kampaniyaları, çay və parkların təmizlənməsi aksiyaları, biomüxtəlifliyin qorunmasına yönəlmiş təşəbbüslər təşkil olunur. Bu fəaliyyətlər yalnız praktiki əhəmiyyət kəsb etmir, eyni zamanda insanların ekoloji məsuliyyət hissinin formalaşmasına psixoloji təsir göstərir. Məsələn, Avropa ölkələrində "yaşıl məktəb" layihələri çərçivəsində şagirdlər tullantıların çeşidlənməsi, enerji qənaəti və su resurslarının qorunması kimi mövzularda praktiki biliklər əldə edirlər. Asiya ölkələrində isə urbanizasiya fonunda "yaşıl şəhər" konsepsiyası geniş tətbiq olunaraq ətraf mühitin qorunması ilə iqtisadi inkişaf arasında balansın yaradılması hədəflənir.
Ekoloji Bilik Günü, həmçinin qlobal problemlərin aktuallığını bir daha gündəmə gətirir. İqlim dəyişikliyi, meşələrin məhv edilməsi, su ehtiyatlarının azalması, hava və torpaq çirklənməsi kimi məsələlər bu günün əsas müzakirə mövzularını təşkil edir. Xüsusilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təqdim edilən hesabatlarda göstərilir ki, ətraf mühit problemləri artıq yalnız ekoloji məsələ olmaqdan çıxaraq iqtisadi sabitlik, sosial rifah və qlobal təhlükəsizlik ilə sıx bağlı olan kompleks problemlər sisteminə çevrilmişdir.
Azərbaycan kontekstində də Ekoloji Bilik Gününün əhəmiyyəti xüsusi vurğulanmalıdır. Son illərdə ölkədə ekoloji maarifləndirmə istiqamətində müxtəlif layihələr həyata keçirilir, məktəblərdə ekoloji təhsil gücləndirilir, eyni zamanda dövlət səviyyəsində "yaşıl enerji" siyasəti prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa və quruculuq işlərində "ağıllı kənd" və "yaşıl zona" prinsiplərinin tətbiqi bu sahədə mühüm addım kimi qiymətləndirilir.
Bu günün fəlsəfi və sosial mahiyyəti ondan ibarətdir ki, insan və təbiət arasında harmoniyanın qorunması yalnız texnoloji və ya inzibati tədbirlərlə təmin olunmur. Bu, ilk növbədə insan şüurunda formalaşan dəyərlər sistemi ilə bağlıdır. Ekoloji bilik yalnız məlumat səviyyəsində qalarsa, real nəticə vermir, o davranışa çevrildikdə və gündəlik həyatın ayrılmaz hissəsinə çevrildikdə effektiv olur.
15 aprel - Ekoloji Bilik Günü bizə xatırladır ki, təbiətin qorunması təkcə bugünkü nəslin vəzifəsi deyil, gələcək nəsillər qarşısında mənəvi və tarixi məsuliyyətdir. İnsan fəaliyyəti ilə təbiət arasında tarazlığın qorunması, davamlı inkişafın təmin olunması və ekoloji təhlükəsizliyin gücləndirilməsi üçün hər bir fərdin aktiv iştirakı zəruridir. Bu baxımdan, ekoloji biliklərin artırılması yalnız maarifləndirmə aktı olmaqla məhdudlaşmır, eyni zamanda qlobal miqyasda daha təhlükəsiz və davamlı gələcəyin qurulmasının əsas şərtlərindən biri kimi çıxış edir.
Bu kontekstdə qeyd etmək lazımdır ki, ölkə daxilində keçirilən elmi-praktik tədbirlər və konfranslar ekoloji biliklərin yayılmasında mühüm rol oynayır. Tərəfimizdən təşkil olunan "Ekoloji təhlükəsizlik və davamlı inkişaf", "Yaşıl dünya naminə həmrəylik", "İqlim dəyişikliyi və müasir çağırışlar" və "Gənclər və ekoloji məsuliyyət" mövzularına həsr edilmiş konfranslar ekoloji maarifləndirmənin gücləndirilməsinə, ictimai iştirakçılığın artırılmasına və elmi yanaşmanın təşviqinə əhəmiyyətli töhfə vermişdir.
Eyni zamanda, Azərbaycanın ekoloji siyasətinin formalaşmasında Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xətt mühüm əhəmiyyət kəsb edir. Onun rəhbərliyi dövründə ətraf mühitin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmiş, təbii resursların qorunması və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində sistemli addımlar atılmışdır.
Bu siyasət müasir mərhələdə İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir və yeni məzmunla zənginləşdirilir. Xüsusilə bərpa olunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji" strategiyasının genişləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji balansın bərpasına yönəlmiş layihələr bu siyasətin praktik nəticələri kimi çıxış edir. Ekoloji mübarizənin yalnız institusional və siyasi səviyyədə deyil, eyni zamanda fərdi təşəbbüslər vasitəsilə də aparılması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Julia Butterfly Hill tərəfindən həyata keçirilmiş və dünya ictimaiyyətində geniş rezonans doğurmuş "ağacda yaşamaq" aksiyası xüsusi qeyd olunmalıdır. O, meşələrin qırılmasının qarşısını almaq məqsədilə uzun müddət bir ağac üzərində yaşayaraq ekoloji fəallığın simvoluna çevrilmiş və bu addımı ilə cəmiyyətin diqqətini təbiətin qorunmasına yönəltmişdir. Bu kimi nümunələr göstərir ki, ekoloji məsuliyyət təkcə dövlətlərin deyil, hər bir fərdin mənəvi mövqeyi və vətəndaşlıq borcu ilə birbaşa bağlıdır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31