AFFA İntizam Komitəsi II Liqada XXII turun oyunlarında yaşananlarla bağlı ölçü götürüb.
Fanat.Az-ın məlumatına görə, iki oyunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib
“Araz Saatlı” – “Göygöl” oyununda həm meydan sahiblərinin, həm də qonaqların 5 futbolçusu sarı vərəqə aldığı üçün hər ikisi 70 manat cərimə olunub.
Oyun bitdikdən sonra “Araz-Saatlı”nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov rəqib oyunçuları, hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib, Saatlı təmsilçisinə 1000 manat cərimə kəsilib.
Bundan başqa, komandanın futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəza alıb. Futbolçunun intizamsızlığı "Araz Saatlı”ya daha 1000 manat bahasına başa gəlib.
“Göygöl” isə matçöncəsi iclasa nümayəndə göndərmədiyinə görə daha 150 manat cərimələnib.
“Şəmkir” – “Şirvan” oyununda isə hər iki komandada 4 futbolçu sarı vərəqə aldığı üçün standart cərimə (70 manat, cəmi 140) tətbiq olunub.