AZ

“İran ABŞ razılaşması üçün əsas şərt Hörmüz boğazına nəzarətdən imtinadır”

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“ABŞ Prezidenti Donald Tramp İranla yeni danışıqların iki gün ərzində Pakistanda keçirilə biləcəyini söylədikdən sonra tərəflər arasında razılaşmanın əldə ediləcəyinə dair ümidlər yaranıb”.

Gununsesi.info bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib:

“Ancaq razılaşma üçün İran Hörmüz boğazına nəzarətdən və tankerlərdən rüsum yığımından imtina etməlidir. Bu olmasa nə razlaşma olacaq, nə də ABŞ Hörmüz boğazının girişinin mühasirəsindən imtina edəcək.

Bu arada, Hindistanın baş naziri Narendra Modi ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Telefon danışığı zamanı ikitərəfli əlaqələr müzakirə olunmaqla yanaşı, Yaxın Şərqdəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Hindistanın baş nazirini ABŞ Prezidentinin Hörmüz boğazıyla bağlı planı maraqlandırıb. Liderlər Hörmüz boğazının açıq və təhlükəsiz saxlanılmasının vacibliyini vurğulayıblar. Problemin həlli Hindistan üçün böyük əhəmiyyət kəsb edir. Birincisi, Hindistan neftə olan tələbatının böyük hissəsini İran və Körfəz ölkələrindən əldə edir. İkincisi, hazırda Hindistanın neftlə dolu tankerləri Hörmüz boğazında ilişib qalıblar.

Hörmüz boğazıyla bağlı problem həll olunmazsa, gərginlik Bab əl-Məndəb boğazına keçəcək. Bu boğaz dünya ticarəti üçün Hörmüz boğazı qədər əhəmiyyətlidir. Bəb əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və qlobal neft ticarətində əhəmiyyətli yer turur. Dünya neft və qazının 20 faizi Bab əl-Məndəb boğazından daşınır. Bundan başqa Bab əl-Məndəbin dibində sualtı fiber-optik kabellər şəbəkəsi var ki, bu dünya internet trafikinin təxminən 20 faizinə qədərini ötürür və bu sularda gərginlik qlobal rəqəmsal bağlantı və maliyyə bazarları üçün birbaşa təhlükə yaradır.

İran rejimi ilə bağlılığı olan Yəməndəki husilər Bab əl-Məndəb boğazını nəzarətə götürsələr, bu dünya üçün ikinci şok olacaq. Bab əl-Məndəb boğazının qapadılması Asiya ilə Avropa arasında dəniz daşımalarını iflic vəziyyətə salacaq. Təsadüfi deyil ki, İran parlamentinin sədri Məhəmməd Qalibaf bir neçə gün əvvəl sosial şəbəkədə neftin, mayeləşdirilmiş təbii qazın, buğdanın, düyünün və gübrənin dünya üzrə daşınmasının əhəmiyyətli hissəsinin Bab əl-Məndəb boğazından keçdiyi barədə paylaşım edib. Yəni Qalibaf demək istəyib ki, İranın tələbləri yerinə yetirilməsə Bab əl-Məndəb boğazı da husilər vasitəsilə nəzarətə götürüləcək. Husilər hələ ki, gözləmə mövqeyindədirlər. Ancaq onlar hər an düyməyə basa bilərlər. Bunun qarşısının alınmasının yeganə yolu İranla ABŞ arasında müvəqqəti də olsa razılaşmanın əldə edilməsidir”.

Afət

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
icma.az

5Mənbələr