AZ

200 manatlıq əskinaslar niyə TAPILMIR?

İyulun 15-dən Azərbaycan Mərkəzi Bankı (AMB) tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxacaq.

Bu barədə AMB məlumat yayıb.

Məlumata görə, beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparır. 

AMB beynəlxalq təcrübəni nəzərə alaraq pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarının mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlamış və 2021-ci ildən yenilənmiş 1, 5, 10, 20 və 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb.

Proseslərin davamı olaraq “İqtisadiyyat və İnkişaf” mövzusuna həsr olunan 100 manatlıq pul nişanının mühafizə sistemi və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.

Bu pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Yenilənmiş 100 manatın üzərində AMB-nin sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfin sol yuxarı küncündə yerləşir.

Hazırda ölkədə istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Qeyd edək ki, xeyli vaxtdır dövriyyəyə buraxılan 200 manatlıq əskinasların hələ də hesablaşmalardakı payı azlıq təşkil edir.

Nağd əməliyyatlarda, pərakəndə satış zamanı ödənişlərdə 200 manatlıq əskinaslara, demək olar ki rast gəlinmir. Sadəcə, barmaqla sayıla biləcək qədər şəxsdə 200 manatlıq əskinas var. Onlar da bu nominalı nadir nümunə kimi istifadə edirlər. Əslində, əsasən yığım vasitəsi kimi işlədilən 200 manatlıqlar da unudulmamalıdır.

Maraqlıdır, bu yanaşma gələcəkdə dəyişə bilərmi?

Tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, 100 manatlıq pul nişanının yenilənməsi normal praktikadır: 

“Çünki zaman-zaman yeni əskinaslar dövriyyəyə buraxılır və paralel olaraq köhnə əskinaslarla eyni vaxtda dövriyyədə olur. Bunun səbəbi çox güman ki, imza məsələsi ilə bağlıdır.  Çünki qanunvericiliyə əsasən əskinasların üzərində Mərkəzi Bankın rəhbərinin imzası olur. Yeni rəhbər artıq bir neçə ildir fəaliyyət göstərir deyə köhnə imzalar yenisi ilə əvəz olunacaq.

200 manatlıq əskinaslara gəlincə, bu Azərbaycanda yığım vasitəsinə çevrilib və kimin imkanı varsa, yığım üçün bu pulu daha çox saxlayır. 200 manatlıq əskinasların yığım vasitəsi kimi istifadə olunması təbiidir və bu belə də davam edəcək.  Azərbaycanda investisiya kasadlığı mövcuddur. Çünki vətəndaşlar ən yaxşı halda ya qızıla, ya da daşınmaz əmlaka investisiya qoyur”.

Ekspert qeyd edib ki, məhz insanlar nağd şəkildə evdə pul saxlamaq istəyirsə, o zaman əlinə 200 manat keçən kimi onu saxlayır, nəticədə bu da yığım məqsədi üçün istifadəyə gətirib çıxarır.

Seçilən
13
28
cebheinfo.az

10Mənbələr