AZ

“Tamstore”dan yayılan görüntülərlə bağlı AÇIQLAMA – “Araşdırılır…”

Paytaxtın pərakəndə satış sektorunda fəaliyyət göstərən “Tamstore” mağazalar şəbəkəsi sosial şəbəkələrdə bəzi məhsulların, xüsusilə də kolbasaların istifadə müddətinin bitməsinə baxmayaraq hələ də rəflərdə saxlanılması ilə bağlı yayılan iddialara rəsmi münasibət bildirib.

Şəbəkədən  NOCOMMENT.az-a verilən açıqlamada qeyd olunur ki, “Tamstore” marketlər şəbəkəsi müştərilərə tam təzə, tam keyfiyyətli və istehlaka uyğun məhsulların satışını təməl prinsip kimi prioritet hesab edir. Sosial şəbəkələrdə yayılan və mağazada vaxtı keçmiş məhsulun aşkarlanmasını əks etdirən görüntülər, həmçinin məhsulun rəfdən vaxtında çıxarılmamasına səbəb olan texniki və ya insani xətanın kökü hazırda şirkət tərəfindən ciddi şəkildə araşdırılır.

Bildirilib ki, mağazalarda hər gün minlərlə məhsulun, ələlxüsus da rəf ömrü qısa olan ət və süd məhsullarının son istifadə tarixinə sərt daxili keyfiyyət standartları ilə nəzarət edilir. Müştərinin göstərdiyi diqqətə görə təşəkkür edən şəbəkə rəhbərliyi, hər bir rəyi xidmət keyfiyyətini artırmaq üçün bir fürsət kimi qiymətləndirdiklərini və araşdırmanın nəticələrinə uyğun olaraq daxili prosedurlar çərçivəsində lazımi qərarların veriləcəyini vurğulayıb.

Qeyd olunub ki, bu kimi hallar zamanı atılacaq addımlar üçün müştəri hüquqları və müştərilərlə davranış kodeksi kitab halında ilk dəfə məhz “Tamstore” tərəfindən hazırlanmışdır. Şirkət müntəzəm olaraq əməkdaşlarla bu qaydalar üzərindən kommunikasiya quraraq, insan yönümlü xətaları minimuma endirməyə çalışır. İstehlakçılar bu qaydalarla şirkətin rəsmi saytındakı keçid vasitəsilə tanış ola bilərlər.

NOCOMMENT.az

Seçilən
25
nocomment.az

1Mənbələr