Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. Aprelin 15-ə olan məlumata görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,24% azalaraq 4838,65 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti isə 0,17% ucuzlaşaraq 79,4 ABŞ dolları təşkil edib.
.png)
İqtisadçı Xalid Kərimli Musavat.com-a şərhində bildirib ki, Hörmüz böhranı qızıl bazarına birbaşa təsir göstərir. Onun sözlərinə görə, son dövrlər qızıl bazarında qeyri-müəyyənlik var idi, qızılın qiymətinin artacağı ilə bağlı gərginlik hökm sürürdü: “ABŞ-İran müharibəsi başlayandan sonra əksini gördük, mart ayında qızıl 10 faizdən çox ucuzlaşdı. Bunun əsas səbəbi neftin qiymətinin kəskin bahalaşması idi. Neftin bahalaşması qlobal inflyasiyanı artıracaq kimi gözlənti formalaşdı. Bu da ABŞ və Avropa ölkələrində bankların faiz göstəricilərinin artacağına dair proqnozların yaranmasına səbəb oldu. 2026-cı ildə gözlənti sürətli ucuzlaşma idi. Nəticədə qızıl ucuzlaşdı”.
İqtisadçı qeyd edib ki, ikinci məqam böhranın nağd pula tələbatı artırması ilə bağlıdır: “Bəzi mərkəzi banklar alışı azaltdı, yaxud satmağa başladı. Məsələn, Türkiyədə valyuta ehtiyatlarını ödəmək üçün qızıl ehtiyatlarını satdılar. Yəni, mərkəzi banklar valyutaya olan tələbatı ödəmək üçün qızıl ehtiyatlarını artırmaq əvəzinə, satmağa üstünlük verdi. Bu amillər-qızılın satışının artması, eyni zamanda, inflyasiyanın güclənməsinin ABŞ-də faiz dərəcələrini artıracağına dair gözləntilər qızıl qiymətlərinə ciddi təsir göstərdi, qiymətlər aşağı düşdü. Hazırda qızılın qiyməti neftin qiyməti ilə əlaqədar hərəkət edir, amma bu, müvəqqəti dövr üçündür”.
Nigar Həsənli,
Musavat.com