AZ

Müəllimə 3 övladı ilə deportasiya olundu – Həyat DRAMI: “Nə evimiz var, nə çörəyimiz...”

Azərbaycan vətəndaşı Şəhruzə Hümbətova 3 övladı ilə birlikdə Almaniyadan deportasiya olunub və ağır vəziyyətdə yaşayır. Onun sözlərinə görə, nə qalmağa sabit bir yeri, nə də uşaqlarını dolandırmaq üçün işi var.

Musavat.com-a danışan Şəhruzə Hümbətova bildirib ki, ailə qurduqdan sonra həyatının böyük bir hissəsini xaricdə keçirməli olub. Həyat yoldaşı Pakistan vətəndaşı olduğu üçün onlar uzun müddət bu ölkədə yaşayıblar. Lakin maddi çətinliklər səbəbindən ailə Azərbaycana qayıtmaq qərarı verib: “Daha sonra həyat yoldaşım iş tapmaq ümidi ilə Dubaya üz tutub. Plan isə belə olub ki, ailəmiz sonradan birlikdə Almaniyaya köçərək yeni həyat quracaq. 2023-cü ildə artıq viza və biletlərimiz hazır idi. Mən uşaqlarla birgə Almaniyaya yola düşdüm. Həyat yoldaşım isə Dubaydan bizə qoşulmalı idi. Lakin səhhətindəki ciddi problemlər səbəbindən o, Dubayda vəfat etdi. Bu faciəvi hadisədən sonra üç övladımla tək qaldım və Almaniyada həyat mübarizəsinə başladım.

Almaniyaya çatdıqdan qısa müddət sonra daha bir ağır zərbə ilə üzləşdik – azyaşlı oğlumda vərəm xəstəliyi aşkarlandı. Övladım müəyyən müddət müalicə alsa da, vəziyyəti stabilləşmədən bizə deportasiya olunacağımız bildirildi. Beləliklə, bu ilin mart ayında üç övladımla birlikdə Azərbaycana geri qaytarılmışıq. Bir azyaşlı oğlum, bir yeniyetmə və 18 yaşlı qızlarım var. Vəziyyətimiz son dərəcə ağırdır. Nə qalmağa yerimiz var, nə də işləməyə imkanım. Uşaqlarıma baxa bilmirəm. Məcburiyyətdən uzaq bir qohumun evinə sığınmışıq, o da müvəqqətidir”.

Almaniya

Şəhruzə Hümbətova deyir ki, o, ixtisasca ibtidai sinif müəlliməsidir və ailə qurmazdan əvvəl üç il bu sahədə çalışıb. Lakin ailə həyatı və xaricdə yaşaması səbəbindən iş fəaliyyətini davam etdirə bilməyib: “Bu gün həm işə, həm də maddi dəstəyə ciddi ehtiyacım var. Uşaqlarımın gündəlik qida və digər ehtiyaclarını qarşılaya bilmirəm. Çox ağır, çarəsiz vəziyyətdəyəm. Buna görə xeyirxah insanlara müraciət edərək yardım, köməklik istəyirəm. İşim olsa, kirayə tutub, uşaqlarıma baxardım. Lap xadimə işləyərəm. Lakin heç cür iş tapa bilmirəm”.

Qeyd edək ki, çətin vəziyyətdə olan ailəyə dəstək olmaq istəyən şəxslər aşağıdakı əlaqə nömrəsi ilə müraciət edə bilərlər: 055 693 66 45.

Xalidə Gəray,
Musavat.com

Seçilən
25
musavat.com

1Mənbələr