AZ

Yerli məhsulların halal ixrac potensialı artırılır: Bakı və Ankara arasında təcrübə mübadiləsi aparılıb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Türkiyənin Ticarət Nazirliyi və Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən keçirilən I Beynəlxalq Halal Akkreditasiya Konfransı, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən təşkil olunan “Halal akkreditasiya və kadrların sertifikatlaşdırılması” üzrə texniki təlimdə iştirak edib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, I Beynəlxalq Halal Akkreditasiya Konfransı halal akkreditasiya sistemlərinin inkişafı, uyğunluğun qiymətləndirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq standartların tətbiqi və qarşılıqlı tanınma imkanları mövzusunda müzakirələri əhatə edib.

Bundan əlavə, müxtəlif ölkələrin akkreditasiya qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri və sahə üzrə mütəxəssislərin iştirakı ilə təqdimatlar keçirilib və panel müzakirələri təşkil olunub. Tədbir zamanı halal akkreditasiya sahəsində mövcud çağırışlar, texniki yanaşmalar və inkişaf perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sözügedən texniki təlim çərçivəsində iştirakçılara OIC/SMIIC 3:2019 “Uyğunluğun Qiymətləndirilməsi. Halal uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyasını həyata keçirən halal akkreditasiya qurumlarına dair tələblər” və OIC/SMIIC 34:2020 “Uyğunluğun qiymətləndirilməsi - Halal ilə əlaqəli fəaliyyətlərdə iştirak edən şəxslərin sertifikatlaşdırılmasını həyata keçirən orqanlar üçün ümumi tələblər” standartları barədə geniş məlumat təqdim olunub. Həmçinin bu standartların praktiki tətbiqi, uyğunluğun qiymətləndirilməsi proseslərinin təşkili və kadrların sertifikatlaşdırılması üzrə qabaqcıl yanaşmalara nəzər salınıb.

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutu 2024-cü il 27 sentyabr tarixində Halal Akkreditasiya Qurumu tərəfindən akkreditasiya olunub. Bu mühüm nailiyyət ölkəmizdə halal uyğunluğun qiymətləndirilməsi sisteminin beynəlxalq tələblərə uyğunluğunu təsdiqləməklə yanaşı, yerli məhsulların ixrac imkanlarının genişləndirilməsinə və Azərbaycan məhsullarının qlobal bazarlarda rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
azertag.az

3Mənbələr