AZ

İordaniya mediası Bakıda keçiriləcək 13 cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) barədə yazır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qahirə, 15 aprel, AZƏRTAC

İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin rəsmi səhifəsində, ölkənin aparıcı “əl-Rəy”, “əl-Dustur” və “əl-Ənbat” hökumət qəzetlərinin elektron versiyalarında, eləcə də geniş oxucu kütləsinə malik “Ammon News”, “Jordan Daily”, “Əl-Bələd”, “Johina News”, “NBNJO”, “Cleopatra News” xəbər portallarında may ayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) barədə məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə qlobal şəhərsalma tədbirinin əhəmiyyətinə toxunulub. Qeyd olunub ki, Azərbaycan mayın 17-dən 22-dək Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməklə qlobal şəhər gündəliyində mühüm rol oynamağa hazırlaşır. Forum siyasətçiləri, ekspertləri və şəhər rəhbərlərini bir araya gətirərək müasir şəhərlərin üzləşdiyi əsas problemlərin müzakirəsi üçün geniş platforma təqdim edəcək.

Yazılarda, həmçinin diqqətə çatdırılıb ki, sürətli urbanizasiya nəticəsində artıq dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və bu proses mənzil çatışmazlığı, qeyri-rəsmi yaşayış məntəqələrinin artması və infrastruktur üzərində təzyiqlərlə müşayiət olunur. Eyni zamanda, iqlim dəyişiklikləri şəhərlərin dayanıqlılığına əlavə risklər yaradır.

Bundan əlavə, məqalələrdə vurğulanıb ki, forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər” mövzusuna həsr olunacaq və əsas diqqət əlverişli mənzil təminatı, iqlim dayanıqlığının artırılması, maliyyə resurslarının səfərbər edilməsi və innovativ şəhərsalma yanaşmalarına yönələcək.

Oxucuların diqqətinə çatdırılıb ki, Ümumdünya Şəhərsalma Forumu BMT-nin dayanıqlı şəhər inkişafı üzrə ən böyük platforması olmaqla yanaşı, hökumətlər, bələdiyyələr, vətəndaş cəmiyyəti və digər tərəflər arasında inklüziv dialoqu təşviq edir. Qeyd olunub ki, bu il ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Liderlər Sammiti keçiriləcək.

Məqalələrin davamında vurğulanıb ki, Bakıda forumun keçirilməsi Azərbaycanın şəhərsalma sahəsində yanaşmalarını təqdim etmək üçün mühüm imkan yaradır. Bildirilib ki, ölkə tarixi irsin qorunması ilə müasir şəhərsalma arasında balans yaratmağa çalışır, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrində innovativ və dayanıqlı həllər tətbiq olunur.

Məlumatda, həmçinin forum çərçivəsində keçiriləcək müzakirələrin əsas məqsədinin konkret nəticələrə nail olmaq, maliyyə imkanlarını genişləndirmək və şəhərlərin dayanıqlı inkişafını təmin edən praktiki siyasətlərin formalaşdırılması olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Bakının bu mötəbər tədbirə ev sahibliyi etməsi Azərbaycanın qlobal şəhər inkişafı proseslərinə töhfə vermək niyyətini nümayiş etdirir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
azertag.az

1Mənbələr