AZ

Xarici dövlət borcu ÜDM-in 6,3 faizini təşkil edib

Beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış müqavilələr əsasında istifadə olunmuş kreditlər və həyata keçirilmiş əsas borc ödənişləri nəzərə alınmaqla 2026-cı il 1 yanvar tarixinə xarici dövlət borcu 4 milyard 813,5 milyon dollar (8 milyard 183 milyon manat) ekvivalentində olub və ya ÜDM-in 6,3 faizini təşkil edib.

AZƏRTAC Maliyyə Nazirliyinin 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsinə istinadla xəbər verir ki, xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon dollar və ya 6,2 faiz, ÜDM-ə nisbəti isə 0,6 faiz bəndi azalıb. Belə ki, imzalanmış kredit sazişləri çərçivəsində 2025-ci il ərzində istifadə olunan vəsait müqabilində xarici dövlət borcu üzrə vaxtı çatmış 472,8 milyon dollar məbləğində əsas borc ödənişləri həyata keçirilib.

2026-cı ilin 1 yanvar tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,2 faiz, valyutalar üzrə isə dollar– 85,7 faiz, avro – 6,4 faiz, yapon yeni – 3,1 faiz, digər valyutalar – 1,6 faiz.

Qeyd olunan tarixə, dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,5 faizini, sabit dərəcə ilə olanlar isə 50,5 faizini təşkil edib. Xarici dövlət borcunun 58,2 faizi 5 ilə qədər olan müddətdə, 36,1 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr