AZ

Brüsseldən Ermənistana “kəşfiyyatçı - 2 missiyası”

Avropa İttifaqının Brüsseldəki səfirləri bu gün Ermənistana yeni mülki missiya göndərmək qərarına gəliblər. Azadlıq Radiosunun erməni xidmətinin məlumatına görə, bu, gələn həftə keçiriləcək Avropa İttifaqı Xarici İşlər Nazirlərinin iclasında gözlənilən yekun təsdiq üçün yol açıb.

Azadlıq Radiosu AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarından missiyanın mandatı, strukturu və müddəti ilə bağlı təkliflərin əks olunduğu sənədi əldə edib. Bu sənədə əsasən, missiya təhlükəsizlik nazirliklərinə və agentliklərinə strateji və praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməkdir. Bu məsləhətləşmələr siyasətin hazırlanması, xarici informasiya manipulyasiyasının, kiberhücumların və qanunsuz maliyyə axınlarının aşkarlanması və cavablandırılmasına yönələcək.

Avropa

“Azadlıq” radiosunun əldə etdiyi bir sənəddə Avropa Xarici Fəaliyyət Xidmətinə “Aİ-nin dəstəyinin məqsədini aydınlaşdırmaq və sülh prosesinə potensial mənfi təsirin qarşısını almaq üçün Azərbaycanla müzakirələri davam etdirmək” tapşırığı verilib. Sənəddə İrana qarşı müharibədən də bəhs edilir və bildirilir ki, Ermənistanın iki açıq sərhədindən biri İranladır. “Bu, Ermənistanın kommunikasiyaları, eləcə də Şimal-Cənub nəqliyyat və ticarət dəhlizi üçün əsas əhəmiyyət kəsb edir”. Sənəddə deyilir ki, bu gərginliklər Rusiyanın Ermənistanın iqtisadiyyatına və enerji ehtiyaclarına təsirini daha da artıra və seçkilərdən əvvəl spekulyasiya mövzusuna çevrilə bilər. Yeni Aİ missiyasının Ermənistanda iki il fəaliyyət göstərəcəyi və 20-30 beynəlxalq nümayəndədən ibarət olacağı bildirilir. O, “Aİ Tərəfdaşlıq Missiyası” adı altında fəaliyyət göstərəcək.

Elə bu yerdə xatırlatmaq yerinə düşər ki, 2022-ci ildə də Aİ 40 nəfərlə Ermənistan yolçuluğuna başlamışdı. Hazırda açıqlanan rəqəmə görə, missiyanın 209 üzvü var. Qeyri-rəsmi neçə nəfərdirlər, məlum deyil. Beləliklə, Azərbaycan Aİ missiyasının mövcudluğunu münasibətlərə problem olaraq gördüyü üçün çıxarılmasını tələb edir, lakin belə görünür ki, bir lətifədə deyildiyi kimi, “filin dişisini” də gətirirlər.

image_1776257141161.jpg

Prezident İlham Əliyev 2024-cü ilin 14 oktyabrında Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən, Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz sözügedən missiyadan bəhs etmişdi. Ölkəmizin başçısı missiyanın bölgədə mövculuğunun Azərbaycan - Aİ münasibətlərinə də mənfi təsir etdiyini qeyd etmişdi, bildirmişdi ki, 2023-cü ildə “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. “Buna nə ehtiyac var idi?!” – deyə sual edən Brüsseli konstruktivliyə xələl gətirən addımlara son qoymağa çağırmışdı. Amma “binokl diplomatiyası”ına üstünlük verən Aİ illər sonra yenidən eyni səhvi təkrarlamaqdadır. Dövlətimizin başçısı bu missiyanın əslində kəşfiyyatçı dəstələrdən ibarət olduğunu açıq şəkildə bəyan edib. Ötən il keçirilən XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında isə dövətimizin başçısı demişdi ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır.Sitat: “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”. Budur, davamı gəlir...

Tramp

Nə baş verdi ki, kəşfiyyatçıların yeni dəstələrinin göndərilməsi zərurəti yarandı? Belə görünür ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Brüsseldən əliboş göndərmək istəməyiblər. Ötən gün Belçikaya səfər edən Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb. Məlumatda deyilir ki, görüşdə Ermənistan–Aİ tərəfdaşlığının strateji gündəliyinin ardıcıl icrası məsələləri müzakirə olunub. May ayında İrəvanda keçiriləcək Ermənistan–Aİ sammitinə hazırlıq məsələləri ətraflı nəzərdən keçirilib. Ermənistan vətəndaşları üçün real nəticələr verəcək proqramların həyata keçirilməsi ilə bağlı razılıq vurğulanıb. Tərəflər iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, eləcə də enerji sahəsində əməkdaşlıq üzrə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinin vacibliyini də vurğulayıblar. Və...Aİ-nin yeni missiyası barədə anlaşma əldə olunub.

Avropa

Əslində gözlənilirdi. Ötən ay Ermənistan Avropa Sülh Fondu çərçivəsində ölkəyə üçüncü yardım paketinin ayrılması üçün müraciət etmişdi və bunu xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında açıqlamışdı. Avropa Sülh Fondu 2024-cü ildə Ermənistan Silahlı Qüvvələrinin texniki potensialını gücləndirmək məqsədilə ölkəyə 10 milyon avro vəsait ayırıb. 20 milyon avro təşkil edən ikinci paket isə 2026-cı ilin yanvarında təqdim edilib. Ermənistanın iştahı güclüdür və o, Avropanı Rusiya ilə əməkdaşlıqla şantaj edərək, əlavə avrolar istəyir. Ukrayna böhranı və digər problemlər səbəbindən çətinliklərlə üz-üzə qalan Avropa İttifaqı isə görünür Ermənistanın könlünü “mülki” adı ilə əslində “kəşfiyyatçı – 2 missiyası” ilə almaq istəyib.

İrəvanın

Bir müddət öncə xəbər yayılmışdı ki, İrəvan seçkilər ərəfəsində Rusiyanın hibrid müharibəsindən qorunmaq üçün Avropa İttifaqından yardım istəyir. Budur, bir neçə gün əvvəl Baltikyanı ölkələrdən və Moldovadan mütəxəssislərin artıq Ermənistana gəldikləri barədə Ermənistanın “Past” nəşri yazdı. Bildirilirdi ki, həmin şəxslər Ermənistanda faktiki olaraq anti-Rusiya yönümlü praktiki fəaliyyət aparırlar. Yaxın günlərdə bir sıra Baltikyanı KİV nümayəndələri və ekspertlərinin də Ermənistana gələcəyi, müxtəlif rayon hotellərində ictimai sektor və vətəndaş cəmiyyəti təmsilçiləri üçün dezinformasiya və “hibrid” təhdidlərə qarşı cəmiyyətin dayanıqlığının gücləndirilməsi adı altında xüsusi təlimlər keçirəcəyi bildirilib. İndi də Aİ yeni missiya barədə addımlar atır. Deməli, Rusiya-Ermənistan gərginliyi fonunda Brüssel də hücum taktikasını həyata keçirir. İrəvanın may ayında Avropa Siyasi Birliyinin sammitinə evsahibliyi etməyə hazırlaşdığı dövrdə Rusiyanın əsəblərinin tarıma çəkildiyi bəllidir. Bu mənada Aİ də öz tərəfindən addımlar atır. Bu, Rusiya – Ermənistan, yaxud İrəvan – Brüssel münasibətlərinə aiddir, özləri bilər. Ancaq Aİ missiyasının şərti sərhədlərdən yığışdırılmaması birbaşa Azərbaycanın əsəblərinə toxunan məsələdir. Onlar hələ dəqiqləşdirilməyən şərti sərhədlərdə nə itiriblər, tapa bilmirlər? Azərbaycan Ermənistana yanacaq və digər məhsullar göndərir, Ermənistanın vətəndaş cəmiyyətinin təmsilçiləri ilə elə bu günlərdə Qəbələdə görüş keçirildi. Hər iki ölkə arasında normal münasibətlər yaranmaqdadır və Ermənistan rəhbərliyi təhlükəsizliklərinə təminatçı olaraq Azərbaycanı görür. Belə olduğu halda Aİ kəşfiyyatçıları niyə postlarda dayanıb, boylanırlar? Brüssel Azərbaycanın prinsipial mövqeyini nəzərə almalıdır!

Fransa

Bu arada, Aİ-nin missiyasının başında dayanan əsas ölkə - Fransanın Alforvil şəhərinin meri Lyuk Karvonnas Azərbaycanın ərazi bütövlüyünə yönələn çağırışlar edib. Ermənipərəst mer ötən gün ləğv edilmiş separatçı rejimin “spiker”i olduğunu iddia edən Aşot Danielyanla görüşəndən sonra “artsax” xalqının hüquq və azadlıqları uğrunda mübarizəsini davam etdirməyə çağırıb. Mirzoyan Brüsseldə olduğu vaxt separatçı da Fransada sülənir və məlum missiya söhbəti...

Bölgəyə missiya göndərən Avropa İttifaqı və ya Fransa dövləti belə axmaq çağırışa və görüşə reaksiya vermirsə, sükutla qarşılayırsa, deməli, onların missiyası da barışığa yox, qarışdırmağa xidmət edəcək. Bunların “dabbaqda gönünədək bələdik”. İnanmayanlar son 5-6 ili xatırlasınlar...

Elşad Paşasoy,
Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr