AZ

İbtidai siniflərdə ev tapşırıqlarının ləğvi təhsilin keyfiyyətinə necə təsir edə bilər? - EKSPERT AÇIQLADI

Müasir təhsil sistemində ibtidai sinif şagirdlərinin dərs yükü həm valideynləri, həm də pedaqoqları ciddi düşündürən məsələlərdən biridir. Çox vaxt mexaniki tapşırıqların arasında sıxılıb qalan uşaqların yaradıcı təfəkkürü və mütaliə marağı arxa plana keçir. Bir qrup mütəxəssis çıxış yolunu ənənəvi ev tapşırıqlarını bədii ədəbiyyat və oyun əsaslı metodlarla əvəz etməkdə görür. Bəs görəsən, bu yanaşma uşaqların akademik nəticələrinə necə təsir edəcək və biz buna nə dərəcədə hazırıq? İbtidai siniflərdə ev tapşırıqlarının tam ləğvi mümkün sayılırmı? Bədii ədəbiyyat dərs proqramında nəzərdə tutulan bilikləri əvəz edə bilərmi?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, bugünkü şagirdlər 5 il, 10 il bundan əvvəlki şagirdlər deyil:

“Təəssüflər olsun ki, bugünün valideynləri də əlbəttə ki, 25–30 il bundan əvvəlki şagirdlərdir. Onlar bu məsələyə öz prizmalarından yanaşırlar. Amma baxsaq görərik ki, bugünkü şagirdlər, hətta birinci sinif şagirdləri belə kifayət qədər geniş dünyagörüşünə malikdirlər və internet üzərindən məlumat almaq imkanına sahibdirlər. Ona görə də biz artıq onları müəyyən bir məhdudiyyətə, çərçivəyə sığdıra bilmərik.

Əlbəttə ki, bu gün valideynlərin daha çox narazılığı ev tapşırıqları ilə bağlıdır. Amma bilirsiniz ki, kurikulum sisteminə görə ev tapşırıqları müəyyən qədər verilməməlidir. Yəni yaranan problemlər əsasən dərsdə həll olunmalı və bu şəkildə aradan qaldırılmalıdır.

O ki qaldı proqramların ağır olması və ya valideynlərin bununla razılaşmaması məsələsinə, mən dediyim kimi, bunun səbəbi əsasən 25–30 il bundan əvvəlki təhsil mənzərəsi ilə bağlıdır. Yəni valideynlər dərslərin bu qədər çətin olmasını qəbul etməkdə çətinlik çəkirlər.

Amma ümumi mənzərə göstərir ki, indiki şagirdlər bəzən onlara dərs deyən müəllimlərdən belə informasiyanı daha tez əldə etmək imkanına malikdirlər. Həm internet vasitəsilə, həm planşet və smartfonlar üzərindən məlumatlara çıxışları var.

Ona görə də mən düşünmürəm ki, indiki şagirdlər üçün dərs yükü normadan artıqdır. Sadəcə, burada müəyyən plansızlıq və müəllimlərin metodiki yanaşmalarında fərqlər ola bilər. Eyni zamanda, ənənəvi təhsil sistemindən gələn çoxsaylı tapşırıq vermək vərdişi də bu fərqlərə təsir edir.

Amma ümumi konseptual yanaşma budur ki, bugünkü şagirdlər 15–20 il bundan əvvəlki şagirdlər deyillər. Onlar informasiyaya daha açıq və daha əlçatan şəraitdədirlər. Buna görə də onlar daha geniş dünyagörüşünə malikdirlər və mən düşünmürəm ki, bu onlar üçün hər hansı bir problem yaradır”.

Müəllif: Arzu Qurbanlı
Seçilən
24
1
sia.az

2Mənbələr