AZ

Kənd qadınlarının ana sağlamlığı: risklər və çıxış yolları

Azərbaycanın kənd və ucqar ərazilərində yaşayan qadınların ana sağlamlığı məsələsi hələ də aktual olaraq qalır. Mütəxəssislər bildirirlər ki, bu sahədə mövcud problemlər yalnız tibbi deyil, həm də sosial və iqtisadi amillərlə bağlıdır.

Mövzu ilə bağlı QHT.az-a açıqlama verən Qadın və Müasir Dünya Mərkəzinin rəhbəri Südabə Şirəliyeva bildirib ki, ana sağlamlığı yalnız tibbi məsələ deyil, həm də sosial ədalət və insan hüquqları məsələsidir. Onun sözlərinə görə, kənd qadınlarının tibbi xidmətlərə bərabər çıxışının təmin olunması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında koordinasiyalı fəaliyyət gücləndirilməlidir.

O qeyd edib ki, kənd yerlərində yaşayan qadınlar hamiləlik və doğuş dövründə ciddi çətinliklərlə üzləşirlər. Tibbi xidmətlərə çıxışın məhdudluğu, peşəkar mama-ginekoloq və tibb işçilərinin çatışmazlığı, yaşayış məntəqələrinin uzaqlığı və nəqliyyat problemləri, eləcə də maliyyə imkanlarının zəifliyi onların vaxtında tibbi yardım almasını çətinləşdirir. Bu səbəbdən bəzi hallarda qadınlar hamiləliyin erkən mərhələsində nəzarətə götürülmür, riskli hallar vaxtında aşkarlanmır və doğuşa gec müraciət olunur. Bu isə həm ana, həm də körpə üçün ciddi təhlükələr yaradır.

 

Digər tərəfdən, kənd yerlərində məlumat və maarifləndirmə səviyyəsinin aşağı olması da vəziyyəti ağırlaşdırır. Reproduktiv sağlamlıq, prenatal və postnatal xidmətlər barədə biliklərin məhdud olması gigiyena və qidalanma ilə bağlı yanlış yanaşmalara, eləcə də tibbi nəzarətsiz hamiləliklərin artmasına səbəb olur.

"Beynəlxalq təcrübə göstərir ki, hətta çətin şəraitdə belə effektiv və innovativ yanaşmalar tətbiq etməklə ana ölümlərini azaltmaq mümkündür. Bu baxımdan Azərbaycan üçün bir sıra vacib addımlar təklif olunur. Bunlara ucqar kəndlərdə yaşayan qadınlara yerində xidmət göstərən mobil tibbi qrupların yaradılması, yerli mama və tibb işçilərinin hazırlanması, icma səviyyəsində etibarlı xidmətlərin artırılması, genişmiqyaslı maarifləndirmə proqramlarının həyata keçirilməsi və kəndlərdə ilkin səhiyyə infrastrukturunun gücləndirilməsi daxildir. Eyni zamanda, qadınların qərarvermə prosesində iştirakının artırılması da mühüm əhəmiyyət daşıyır".- deyə, Südabə Şirəliyeva açıqlamasında bildirib.  

Zəhra Ağayeva

Seçilən
18
qht.az

1Mənbələr