AZ

Xarici diplomların “Vətən sınağı”: Tanınma üçün nə etməli? KONKRET

Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xaricdə təhsil almaq son illərdə azərbaycanlı gənclər arasında geniş yayılıb və bu, onların daha keyfiyyətli təhsil əldə etməsi baxımından mühüm imkanlar yaradır. Lakin təhsilini xaricdə başa vuran şəxslərin ölkəyə qayıtdıqdan sonra qarşılaşdıqları əsas məsələlərdən biri də əldə etdikləri diplomun Azərbaycanda tanınması prosesidir. Bu prosesin necə həyata keçirilməsi, hansı sənədlərin tələb olunması və mümkün çətinliklər isə bir çoxları üçün hələ də tam aydın deyil.

Bəs xaricdə alınmış diplomun Azərbaycanda tanınması üçün hansı addımlar atılmalıdır?

Etibar Qarayev

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Etibar Qarayev bildirib ki, xaricdə təhsil almış vətəndaş ölkəyə qayıtdıqdan sonra mütləq şəkildə həmin ali təhsil müəssisəsinin diplomunu tanıtdırmalıdır:

“Bu prosedur yerinə yetirilmədiyi təqdirdə diplom Azərbaycanda etibarsız hesab olunur. Xarici diplomların tanınması üçün namizədlər ilk növbədə diplom və ona əlavə olunan sənədləri Azərbaycan dilinə tərcümə etdirməli və notarial qaydada təsdiqlətməlidirlər. Daha sonra isə elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edilməlidir”.

Etibar Qarayevin sözlərinə görə, xarici diplomun tanınması üçün müəyyən edilmiş dövlət rüsumu 250 manatdır və bu ödəniş müraciət zamanı elektron qaydada həyata keçirilir:

“Əgər agentlik tərəfindən diplomun tanınmasından əsassız imtina verilərsə, vətəndaş rəsmi imtina qərarını əldə etdikdən sonra məhkəməyə müraciət etmək hüququna malikdir. Bu halda iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edilə bilər”.

Beləliklə, xaricdə təhsil almış şəxslərin diplomlarının Azərbaycanda tanınması üçün qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara riayət olunması vacib hesab edilir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
konkret.az

2Mənbələr