AZ

Ermənistan Macarıstan deyil!.. – Revanşistlərin XAM xəyalı



Macarıstanda ötən bazar keçirilən seçkilərdə hazırkı Baş nazir Viktor Orbanın partiyasının məğlubiyyəti Ermənistandakı radikal-revanşist müxalifəti deyəsən əməllicə ruhlandırıb. Onlar eyni nəticənin ölkədə iyunun 7-də nəzərdə tutulan parlament seçkilərində təkrarlana biləcəyini iddia eləməyə başlayıblar.

“Macarıstanın müxalifət lideri ölkənin uzun müddətdir baş naziri vəzifəsində çalışan şəxsi məğlub etdi və ölkənin diktaturaya çevrilməsinin qarşısını aldı”.

Bunu “Güclü Ermənistan” partiyasının üzvü Narek Karapetyan öz "X" hesabında yazıb. “Macarıstan dəyişikliyi seçib və tezliklə bu, Ermənistanda da baş verəcək!”, - deyə o, özünə əminliklə qeyd edib.

Radikal-revanşist müxalifətin ruhlanmasına hər hansı əsas varmı? Ermənistanla Macarıstanın daxili siyasi mübarizənin xarakteri baxımından əsas fərqləri nədir?

Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Günay Ağamalı Musavat.com-da məsələyə belə şərh verdi: “Macarıstanda keçirilən son seçkilərdə Viktor Orbanın siyasi hegemonluğunun ciddi sarsıntıya məruz qalması Ermənistanın radikal-revanşist düşərgəsində qəribə, bir o qədər də əsassız bir eyforiya dalğası yaradıb. “Güclü Ermənistan” partiyasının üzvü Narek Karapetyan və digər müxalif fiqurların Macarıstandakı nəticələri Ermənistanda iyunun 7-nə təyin olunmuş seçkilərlə eyniləşdirməyə çalışması, əslində, siyasi çarəsizliyin və reallıqdan qopmağın bariz nümunəsidir.

Siyasi analitika diləklər üzərində yox, faktlar üzərində qurulur. Fundamental həqiqət budur ki, Ermənistanın daxili siyasi mühiti ilə Macarıstanın demokratik-institusional mübarizəsi arasında heç bir ortaq məxrəc yoxdur. İlk növbədə Macarıstan müxalifəti ilə Ermənistan müxalifətinin mahiyyət etibarilə kəskin fərqləndiyini görmək lazımdır. Budapeştdə Orbanın qarşısına çıxan qüvvələr cəmiyyətə yeni, korrupsiyaya bulaşmamış və gələcəyə yönəlmiş bir alternativ təqdim edə bildilər. Ermənistanda isə özünü “müxalifət” adlandıran kütlənin nüvəsini onilliklər boyu ölkəni talayan köhnə rejimin qalıqları və xalqın yaddaşında ancaq repressiya ilə qalmış simalar təşkil edir”.

Parlamentari hesab edir ki, Ermənistan seçicisi üçün Macarıstandakı kimi “islahat və tərəqqi” seçimi yoxdur: “Onlar üçün seçim ya hazırkı hakimiyyət, ya da ondan daha qanlı və korrupsioner keçmiş arasındadır. Xalqın “köhnələrə” olan nifrəti hələ də Paşinyana olan narazılığından daha güclüdür. Digər tərəfdən, Macarıstan müxalifəti ölkənin suverenliyini Avropa dəyərləri çərçivəsində möhkəmləndirməyi vəd edir. Ermənistan revanşistləri isə hələ də öz xarici siyasi kurslarını müəyyən edə bilməyiblər. Onların ritorikası bir tərəfdən Rusiyadan imdad diləmək, digər tərəfdən Qərbə şirin görünmək kimi ziddiyyətli zəmin üzərindədir.

Karapetyanın “diktaturanın qarşısı alındı” ifadəsi Ermənistan kontekstində tamamilə absurd səslənir. Vaxtilə ölkəni həqiqi avtoritar idarəetmə ilə boğanların bu gün “demokratiya” carçısı kimi çıxış etməsi siyasi riyakarlıqdan başqa bir şey deyil. Gəlin etiraf edək ki, bu gün üçün ən önəmli fərq təhlükəsizlik faktorudur. Macarıstan seçicisi iqtisadi rifah və hüququn aliliyi üçün səs verirsə, Ermənistan seçicisi üçün tərəzinin bir gözündə fiziki sağ qalmaq məsələsi dayanır. Erməni cəmiyyəti yaxşı dərk edir ki, revanşistlərin hakimiyyətə gəlişi müharibə və dövlətçiliyin tamamilə itirilməsi deməkdir.

Macarıstan müxalifəti sülh və inkişaf vəd edərək qələbə qazandığı halda, Ermənistan müxalifəti xalqı yeni fəlakətlərə sürükləyən qisas ssenariləri ilə meydanlara çıxır. Mahiyyət etibarı ilə, Ermənistan müxalifətinin Macarıstan nümunəsi ilə özünü ruhlandırması siyasi illüziyadan başqa bir şey deyil. Siyasi proseslər mexaniki surətdə bir ölkədən digərinə köçürülə bilməz. Macarıstanda baş verənlər siyasi təkamül idisə, Ermənistan müxalifətinin cəhdləri siyasi deqradasiyanın son nöqtəsidir".



Seçilən
1
1
aia.az

2Mənbələr