AZ

Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirildi - FOTO

Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, “Narimanfilm” MMC tərəfindən istehsal olunan ekran əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov, ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoy, quruluşçu operatoru Ruslan Ağazadədir.

Filmdə Azərbaycanın qədim dövlətçilik keçmişinə tamamilə yeni ideoloji prizmadan yanaşılır. Ekran əsəri əsasən gənc auditoriya üçün nəzərdə tutulsa da, süjet xətti və vizual həlli ilə bütün yaş qruplarından tamaşaçıların marağına səbəb olacaq.

Filmdə hadisələr indiki Azərbaycan ərazilərində mövcud olmuş qədim İşquz (İç Oğuz) dövlətində cərəyan edir. Düşmən hücumuna məruz qalan dövləti və xalqı xilas etmək üçün vaxtilə Göylərdən göndərilmiş dörd müqəddəs əmanətdən biri olan "Akinak" qılıncını tapmaq lazımdır. Bu ağır və taleyüklü missiyanı yerinə yetirmək üçün dörd cəsur gənc təhlükələrlə dolu yola çıxır. Onlar hədəfə çatmaq üçün həm real düşmənlərlə, həm də onların qurduğu qaranlıq tilsimlərlə mübarizə aparmalı olurlar.

Sonra ekran əsəri nümayiş olunub. Fentezi elementləri ilə zəngin olan tarixi macəra filmi böyük maraqla qarşılanıb. 
Sonda filmin yaradıcı heyəti alqışlarla səhnəyə dəvət olunub. Onlar ekran işinin gəlməsi barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, “Akinak” filmi may ayından etibarən ölkənin bütün kinoteatrlarında geniş tamaşaçı kütləsinə təqdim olunacaq.

Seçilən
1
18
bakivaxti.az

10Mənbələr