AZ

“Türkiyə daha çox dolayı təsir alətlərinə üstünlük verir”

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyinə verdiyi müsahibədə qeyd edib ki, İsrail dövləti öz mövcudluğunu qorumaq üçün daim bir "düşmən" axtarışındadır və hazırda hədəf Türkiyədir.

Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Elman Telmanoğlu söyləyib ki, Hakan Fidan tərəfindən səsləndirilən fikirlər Anadolu Agenliyi vasitəsilə yayıldıqdan sonra Türkiyə–İsrail münasibətlərinin gələcəyi yenidən regional gündəmin əsas mövzularından birinə çevrilib: “Nazir İsrailin təhlükəsizlik doktrinasını “davamlı düşmən axtarışı” üzərində qurduğunu iddia etməklə, Ankara üçün potensial risklərə diqqət çəkib. Bu kontekstdə “Türkiyə bu münaqişəyə qoşula bilərmi?” sualına siyasi baxımdan daha soyuqqanlı və strukturlaşdırılmış yanaşmaq lazımdır”.

Politoloq qeyd edib ki, ilk növbədə, Türkiyənin xarici siyasəti son illərdə daha çox çoxşaxəli balans strategiyası üzərində qurulub: “Ankara həm Qərb institutları ilə əlaqələri qorumağa, həm də regionda müstəqil güc mərkəzi kimi çıxış etməyə çalışır. Bu isə o deməkdir ki, Türkiyə birbaşa hərbi qarşıdurmaya girməkdə son dərəcə ehtiyatlı davranır. İsraillə ritorikanın sərtləşməsi real hərbi toqquşma ehtimalını avtomatik olaraq artırmır. İkinci mühüm faktor isə Türkiyənin NATO üzvlüyüdür. NATO çərçivəsində Türkiyənin təhlükəsizlik öhdəlikləri və strateji koordinasiyası var. İsraillə birbaşa müharibə ssenarisi yalnız regional deyil, qlobal güc balansını dəyişə biləcək riskli addım olardı. Bu səbəbdən Ankara belə bir addımı yalnız ekstremal və birbaşa təhlükə halında nəzərdən keçirə bilər”.

E.Telmanoğlunun sözlərinə görə, üçüncü əsas faktorlardan biri isə Türkiyə daha çox dolayı təsir alətlərinə üstünlük verir: diplomatik təzyiq, iqtisadi münasibətlərin məhdudlaşdırılması, beynəlxalq platformalarda siyasi mövqe sərgilənməsi və regional ittifaqların gücləndirilməsi: “Bu, həm daxili ictimai rəyin tələblərini qismən qarşılayır, həm də açıq hərbi eskalasiyanın qarşısını alır. Eyni zamanda qeyd etmək lazımdır ki, Ankara Yaxın Şərqdə təsir dairəsini genişləndirmək niyyətindədir və bu, bəzi hallarda İsraillə maraq toqquşmasına səbəb olur. Lakin maraqların toqquşması hələ real müharibə demək deyil, əksinə, bu tip rəqabət çox vaxt “idarə olunan gərginlik” formatında qalır”.

O həmçinin deyib ki, məticə etibarilə isə, hazırkı geosiyasi reallıqlar fonunda Türkiyənin İsraillə birbaşa hərbi münaqişəyə qoşulması ehtimalı aşağı qiymətləndirilir: “Daha real ssenari, siyasi ritorikanın sərtləşməsi, diplomatik qarşıdurma və regional rəqabətin artmasıdır. Hərbi eskalasiya isə yalnız kəskin və birbaşa təhlükə şəraitində gündəmə gələ bilər. Bu isə real qarşıdurmanın yaxın gələcəkdə olmayacağına dəlalət edir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr