Yapı Kredi, inklüzivlik və fürsət bərabərliyi istiqamətində sosial investisiyalarını beynəlxalq miqyasda genişləndirməyə davam edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bank, Birləşmiş Millətlər Təşkilatının Təhsil və Tədqiqat İnstitutuna (UNITAR) bağlı İdarəçilər və Liderlər üçün Beynəlxalq Təlim, Tətbiq və Tədqiqat Mərkəzi (CIFAL Istanbul) və Bahçeşehir Universiteti (BAU) ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi və 80 min qadına çatan “Texnologiyada Fürsət Bərabərliyi” Proqramını Türkiyədən sonra ilk dəfə Azərbaycana gətirdi.
Yapı Kredi Bank Azərbaycan tərəfindən icra olunan proqram çərçivəsində qadınlar; böyük məlumat, süni intellekt, bulud texnologiyaları, kibertəhlükəsizlik və əşyaların interneti kimi gələcəyin bacarıq sahələrini əhatə edən geniş bir təhsil prosesini tamamladı. Təhsillərini uğurla başa vuran iştirakçılar Bakıda keçirilən sertifikat mərasimində sənədlərini aldılar.Sertifikat mərasimində Bahçeşehir Universitetinin rektor müşaviri, UNITAR CIFAL İstanbul direktoru, professor doktor Çisil Sohodol və Bahçeşehir Universitetinin professoru Yücel Batu Salman da çıxış edərək proqramın əhəmiyyəti və beynəlxalq təcrübələr barədə fikirlərini bölüşdülər.
“Davamlı inkişaf üçün texnologiyanın transformativ gücünü əlçatan edirik”
Yapı Kredi Bank Azərbaycan Baş Direktoru Mete Şamil Öztürk sertifikat mərasimində etdiyi çıxışda proqramın Azərbaycana gətirilməsi ilə bağlı bunları bildirdi: “Yapı Kredi Bank Azərbaycan olaraq, yalnız maliyyə xidmətləri təqdim edən bir qurum olmaqdan kənara çıxmağı; cəmiyyətə dəyər qatan, transformasiyanı mənimsəyən və gələcəyi formalaşdıran bir struktur olmağı məsuliyyətimizin bir hissəsi kimi görürük. Bu yanaşma ilə Azərbaycanda genişləndirilən ‘Texnologiyada Fürsət Bərabərliyi’ proqramı bizim üçün inklüzivlik vizyonumuzun konkret bir təzahürü oldu. Çünki bilirik ki, davamlı inkişaf yalnız imkanların bərabər bölüşdürüldüyü və potensialın cinsiyyətlə məhdudlaşmadığı bir dünyada mümkündür.
Texnologiya bu gün güclü bir bərabərləşdirici rol oynayır. Lakin bu gücün həqiqətən transformativ olması üçün hər kəs tərəfindən əlçatan olması vacibdir. Cinsiyyət, iqtisadi şərtlər və ya coğrafi məhdudiyyətlər nə olursa olsun, hər kəsin texnologiyaya çıxışının olması, onu anlaması və bərabər şəkildə istifadə edə bilməsi daha inklüziv bir cəmiyyətin əsasını təşkil edir. ‘Texnologiyada Fürsət Bərabərliyi’ layihəmizlə iştirakçılarımıza yalnız bu günün deyil, gələcəyin dünyasına da hazırlaşa biləcəkləri geniş bir bacarıq dəsti təqdim edirik.
Türkiyədə başlayan və çox uğurlu nəticələr əldə edilən bu layihənin Azərbaycana gətirilməsi isə bizim üçün ayrıca bir qürur mənbəyidir. Yapı Kredi Bank Azərbaycan olaraq bu qlobal vizyonun bir hissəsi olmaqdan böyük məmnunluq duyuruq.”



