AZ

“Çovdarov həbsdən çıxdığı gecə mənə zəng etdi” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Gününsəsi” saytının 10 yaşı tamam olur. Bu münasibətlə saytın baş redaktoru Pərviz Həşimli media qurumu ilə bağlı sualları cavablandırıb. 

KONKRET.az xəbər verir ki, “Qafqazinfo” jurnalistlə qısa müsahibəni təqdim edir:

– Pərviz bəy, 2016-cı ildə qurucusu olduğunuz “Gününsəsi” 10 yaşına çatdı. Mövcud reallıqlar çərçivəsində yola saldığınız bu illərdə saytı tanıtmaq, qorumaq çətin olmadı ki?

– Uzun illər media sahəsindəki fəaliyyətimlə bərabər ayrıca media subyekti qurmaq, onu populyar etməyin çətin olacağına dair xüsusi bir nigaranlığım olmayıb. Çünki “Gününsəsi”nə qədər Moderator.az saytının əsasını qoymuşdum. O zaman MTN-in o dövrdəki rəhbərliyi məni həbsə atmaqla bu layihəmin böyüməsinin qarşısını aldı. Düzdür, mərhum dostum Zülfüqar bəy Moderator.az-a sahib çıxdı, çətinliklə olsa da saxlaya bildi.

Bəlkə də ilahi ədalətin varlığına bir işarə idi ki, “Gününsəsi”nin quruculuğu prosesi və populyarlıq qazanması MTN-nin ləğv olunma, bu nazirliyin ali zabit heyətinə daxil olan şəxslərin kütləvi həbsi dövrünə təsadüf etdi. O dövrü xatırlayanlar yaxşı bilir ki, hələ bir il sonra “MTN İşi“ çərçivəsində keçiləcək məhkəmə proseslərində elan olunan sensasion cinayətlərin epizodlarını biz hələ bu işin istintaqında yazdıq. “Gününsəsi” qurulanda tanımadığım sahibkarlar, məmurlar bu qurumun vəzifəli şəxslərinin vaxtilə törətmiş olduğu cinayətlər barədə bizə “papka-papka” materiallar təqdim etdi.

O zaman MTN-in həbsdə olan ayrı-ayrı generallarının ailə üzvləri bizim ofisə gəlib, onların sifarişini mənə çatdırırdı ki, səni bizim idarə yox, Antiterror Mərkəzi həbs edib. Xahiş edirdilər ki, onlardan yazmayaq. Yaxşı xatirimdədir, Akif Çovdarov həbsdən azad olunan gecə mənə telefon açdı. Kim olduğunu soruşanda “Azərbaycanın ən qatı cinayətkarı “Qanlı general Çovdarovdur” deyərək mənə sual etdi ki, səni mənim idarəm yox, başqa idarə həbs etmişdi, axı, məndən niyə belə yazırdınız?

Yəni deməyim odur ki, ənənəvi qəzetçilik dövrünün onlayn media ilə əvəzlənməsi prosesində “Gününsəsi”nin qısa zamanda bazara girməsinə səbəb bu hadisə oldu.

– Bəs, “Gününsəsi”nin maddi-texniki bazası hansı durumdadır?

– Burada sirr olacaq heç nə yoxdur. Reklam yaymaq imkanlarımız olduqca məhduddur. Hazırda “Gününsəsi”nin komandası 7 nəfərdən ibarətdir. Medianın İnkişafı Agentliyinin dəstəyi ilə büdcəmizin bir qismi təmin olunur. Kiçik reklam müqavilələrimizdən gələn qazancla çətinliklə də olsa keçinirik. Mən bu işi sevirəm. Sevimli peşəmdir, ona görə də qarşımızdakı ilə qane olub, çalışırıq. Etiraf edim ki, “Gününsəsi” qurulmazdan öncə mənə müxtəlif dövlət qurumlarında iş təklif olundu, amma şüurlu şəkildə bundan imtina etdim. Çünki mən azad ruhlu insanam, məmur kimi çox az müddət çalışıb kənarlaşacaqdım.

– Azərbaycan əleyhinə olan qüvvələr rəy yaratmağa çalışır ki, ölkədə azad media yoxdur. Biz zaman-zaman “Gününsəsi”ndə tənqidi materialların şahidi oluruq. Sizin azadlığınıza müdaxilə varmı?

– Tam səmimi danışmaq istərdim. Yeni media qanunu qəbul olunanda mən də nigaran idim ki, yeni qanun fəaliyyətimizi əngəlləyəcək. Bu qanundan sonra Media Agentliyi başımızın üzərində “damokl qılıncı” rolunu oynayacaq. Bu gözləntimiz özünü doğrultmadı. Əksinə media mühitində təmizlənmənin şahidi oluruq. Artıq “reket mətbuat”la mübarizə dövrünü geridə qoymuşuq. İndi peşəkarlıq uğrunda rəqabət gedir.

Bizim əsas prioritetlərimizdən biri insan hüquqlarıdır. Demokratik cəmiyyət üçün vacib olan bu məsələyə həssas yanaşırıq. Azərbaycan dövlətinin Milli Təhlükəsizlik Konsepsiyasında xarici siyasətin əsas prioriteti kimi elan etdiyi Avropa və Avroatlantik strukturlara inteqrasiya kursuna sadiqliyimizi nümayiş etdirməyə çalışırıq. Buna görə də hansısa təzyiqlərə məruz qalmırıq. Amma bəzi xəbərlər olur ki, o yuxarı dairələrdə qıcıq doğurur və müxtəlif inzibati imkanlar hesabına bizə təzyiq olunur. Bu da dediyim kimi konkret məsələlərlə bağlı olur. Bəlkə də “Gününsəsi” hansısa xarici donorların layihəsi olsaydı, münasibət də başqa cür olardı. Ölkənin gerçəkliyi var və buna uymalısan.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
4
konkret.az

6Mənbələr