AZ

Kiçik səhv böyük müharibəni başlada bilər Elif Sena Darbazın Şərq ə MÜSAHİBƏSİ

ain.az bildirir, Sherg.az portalına istinadən.

“ABŞ-İran qarşıdurması artıq gizli müharibə mərhələsinə keçib”

Ekspert İranın ABŞ təzyiqinə necə müqavimət göstərdiyini açıqladı

ABŞ-İran münasibətləri uzun müddətdir regionun ən həssas və mürəkkəb məsələlərindən birinə çevrilib. Bu qarşılıqlı münasibətlər yalnız iki ölkə arasında deyil, eyni zamanda Yaxın Şərqin ümumi təhlükəsizlik və siyasi balansına da birbaşa təsir göstərir. Qarşıdurmanın nə vaxta qədər davam edəcəyi sual altında olsa da yaratdığı problemlər artıq göz qarşısındadır. 

Xarici siyasəti üzrə ekspert Elif Sena Darbaz mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb: 

-ABŞ-İranla bağlı vəziyyəti və yayılan xəbərləri ümumi olaraq necə qiymətləndirərdiniz? 

-Aprel 15-i 2026-cı ildən etibarən ABŞ-İran xəttində baş verənləri “gərginlik” kimi təsvir etməklə regionda baş verənləri yüngülləşdirmək olar. Son həftələrdəki xəbər axını qarşılıqlı, davamlı xarakter alıb. Bu, məsələnin faktiki olaraq aşağı-orta intensivlikli münaqişə müstəvisinə keçdiyi açıq şəkildə göstərir. İraq və Suriyada ABŞ qüvvələrinə qarşı hücumlar müəyyən ritm daxilində təkrarlanan praktikaya çevrilib.

Vaşinqton cəbhəsində Donald Tramp administrasiyasının dili bu mənzərə ilə uyğun şəkildə sərtləşib. İranın nüvə fəaliyyəti texniki məsələ kimi deyil, birbaşa təhlükəsizlik təhdidi kimi təqdim olunur. Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarına istinadlar artırılır. Lakin burada diqqət yetirilməli məqam budur: texniki məlumatlar siyasi qərarların əsaslandırılmasına çevrilir. Yəni məlumat siyasəti formalaşdırmır, siyasət məlumatı seçərək özünü legitimləşdirir.

Pentaqon mənbəli xəbərlərdə Körfəzdəki hərbi mövcudluğun gücləndirildiyi, dəniz patrullarının artırıldığı və bəzi qüvvələrin irəli mövqelərə yerləşdirildiyi bildirilir. Bu cür addımlar klassik “çəkindiricilik” çərçivəsində təqdim olunsa da, regionda qarşılaşma riskini faktiki olaraq artıran addımlardır. Çünki hərbi sıxlıq artdıqca, səhv ehtimalı azalır. 

-Tehran müstəvisində necə? 

-Tehranda mənzərə qapalı, amma daha sistemli şəkildə inkişaf edir. Rəhbərlik strukturundakı dəyişiklik müzakirələri və Müctəba Xamenei ətrafında formalaşan güc balansı qərarvermə proseslərini daha dar çevrəyə cəmləşdirmiş kimi görünür. Belə dövrlərdə İranın reaksiyası adətən dəyişmir: daxildə nəzarət, xaricdə isə nəzarətli sərtlik. İraq və Suriya xəttində İrana yaxın qüvvələr vasitəsilə verilən cavablar bu strategiyanın regiondakı əksidir. 

-ABŞ-İran qarşıdurmasının xarakteri necə dəyişib və bu prosesdə İsrailin rolu nədir? 

-Burada əsas diqqət çəkən məqam tərəflərin bir-biri ilə təmasdan qaçmamasıdır. ABŞ bazalarına yönəlmiş hücumlarla buna verilən cavablar arasındakı müddət qısalıb. Bu isə onu göstərir ki, tərəflər artıq bir-birinə “mesaj vermək” üçün deyil, “maneə sahəsini daraltmaq” üçün təzyiq göstərirlər.

İsrail cəbhəsini bu tənliyin kənarında qiymətləndirmək mümkün deyil. Təl-Əvivdən gələn son açıqlamalarda İranın nüvə proqramına qarşı “önləyici müdaxilə” seçiminin daha açıq ifadə edildiyi görünür. Bu ritorika Vaşinqton üzərindəki təzyiqi artırır. ABŞ administrasiyası daha ölçülü ton istifadə edir kimi görünsə də, İsrailin təhlükəsizlik çərçivəsi Amerika siyasətinə birbaşa təsir edən amil olaraq qalır. Bu məqamda tənqidi yanaşmaq lazımdır: regional təhlükəsizlik adı altında yürüdülən bu xətt gərginliyi azaltmaqdan çox, onu yenidən istehsal edir. 

-ABŞ sanksiyaları İrana nə qədər təsir edir? 

-İqtisadi müstəvidə də qeyd etdiyim oxşar mənzərə müşahidə olunur. ABŞ Konqresindən keçən sanksiya paketləri İranın maliyyə imkanlarını daraltmağı hədəfləyir. Buna qarşılıq İranın Çin və regiondaxili ticarət şəbəkələri vasitəsilə alternativ kanallar yaratdığı görünür. Bu, sanksiyaların təsirini tam aradan qaldırmasa da, gözlənilən siyasi nəticəni əldə etməyi çətinləşdirir. Son iyirmi ilin təcrübəsi açıqdır: sanksiyalar təzyiq yaradır, lakin rejimin davranışını avtomatik olaraq dəyişdirmir.

Bütün bu prosesləri bir araya gətirdikdə ortaya çıxan mənzərəni nə şişirtmək, nə də kiçiltmək lazımdır. Regionda davamlı xarakter almış münaqişə mövcuddur. Bu, elan olunmuş müharibə deyil. Lakin müntəzəm, təkrarlanan və tərəflərin şüurlu şəkildə davam etdirdiyi bir qarşıdurma formasıdır.

Əsas məsələ isə burada düyünlənir: bu sistem nə qədər davamlıdır? 

Çünki bu tip qarşıdurmalar adətən böyük qərarlarla deyil, kiçik səhvlərlə genişlənir. Körfəzdə bir gəmi insidenti, İraqda yanlış hədəfə yönəlmiş hücum və ya Suriyada nəzarətdən çıxan bir qarşılaşma… Bunların hər biri mövcud sərhədləri sürətlə aşmaq potensialına malikdir. 

-Bəs Türkiyənin mövqeyi? 

-Türkiyə baxımından bu mənzərə daha ehtiyatlı mövqe tələb edir. Ankaranın həm Vaşinqtonla münasibətlərini qoruması, həm də regional aktorlarla əlaqələrini kəsməməsi belə dövrlərdə daha da əhəmiyyətli olur. Çünki münaqişə dərinləşdikcə, dialoq qura bilən aktorların dəyəri artır.

Nəticə etibarilə, bu gün qarşımızda duran məsələ bir “böhran ehtimalı” deyil, artıq işlək vəziyyətdə olan bir münaqişə sistemidir. Bu sistemin sərhədlərini müəyyən edən isə tərəflərin gücündən çox, həmin gücü necə və nə qədər nəzarətdə saxlaya bildikləridir. Tarix dəfələrlə göstərib ki, nəzarət iddiası regionda hər zaman öz təsdiqini tapmır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
sherg.az

1Mənbələr