AZ

Paşinyan hakimiyyətinin toxunulmazlığı qarşılığında Rusiyaya “TRİP” layihəsini təklif etmiş ola bilər – politoloq

Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərdə ölkənin siyasi qüvvələri parlamentdə yer qazanmaq üçün mübarizə aparacaq. Hakimiyyət və müxalifət seçki kampaniyası çərçivəsində fəaliyyətini davam etdirir. Seçkilərin nəticələri parlamentin yeni tərkibini müəyyən edəcək. Bundan sonra hökumətin formalaşdırılması prosesi başlayacaq.

Maraqlıdır, yaxınlaşan parlament seçkilərində müxalifətin parçalanması Paşinyanın hakimiyyətdə qalma ehtimalına və hökumətin formalaşma prosesinə necə təsir göstərə bilər?

Moderator.az-ın suallarına politoloq Elçin Xalidbəyli aydınlıq gətirdi.

Siyasi şərhçi qeyd etdi ki, növbəti parlament seçkiləri Ermənistanın gələcək taleyini həll edəcək. Çünki bu seçkilərdə Ermənistanın Qərbə yaxınlaşma siyasətini davam etdirib-etdirməyəcəyi və yaxud da Rusiyanın qaranlıq tunelinə geri dönüb-dönməyəcəyi bir mənalı şəkildə aydınlaşmış olacaq:

"Rusiyanın Ermənistandakı emissarı Samvel Karapetyan Baş nazir postuna iddia edir. Prezident Putin Moskvada Paşinyana, Paşinyandan Rusiya pasportu, Rusiya vətəndaşlığı olan siyasətçilərin seçkidə iştirakına şərait yaradılmasını istəmişdi. Ancaq Paşinyan seçkidə yalnız Ermənistan vətəndaşlığı olan şəxslərin iştirak edəcəyini bildirmişdi və bundan sonra Samvel Karapetyan müxalifətin əsas lideri olaraq seçkidə iştirak etmək üçün həm Rusiya vətəndaşlığından, həm də Kipr vətəndaşlığından imtina etdi və indi Ermənistan vətəndaşı kimi seçkiyə qatılmaq niyyətindədir.

Ancaq ictimai rəy sorğuları onu göstərir ki, nə Samvel Karapetyan, nə də digər müxalif qrupları Paşinyan hakimiyyətini məğlub etmək imkanında deyillər. Ümumi olaraq Paşinyana hazırda 25 faizə qədər seçici dəstək verir. Samvel Karapetyanın partiyası da daxil olmaqla digər müxalif qurumların ictimai rəydəki reytinqi 25 faizdən aşağıdır. Yəni, Paşinyan hakimiyyətinə qalib gəlmək üçün müxalifət düşərgəsinin mütləq birləşərək vahid namizəd modelində seçkidə iştirak etmələri lazımdır. Ancaq müşahidələr onu göstərir ki, Ermənistanda hələlik müxalifətin birləşməsi mümkün olmur. Vahid namizəd variantı da hələlik baş tutmayıb".

Politoloq vurğuladı ki, burada böyük ehtimalla Rusiyanın seçimi üzərində müxalifət düşərgəsindəki ziddiyyətlər böyük rol oynayır:

"Çünki on illər boyu Rusiyanın Ermənistandakı əsas dəstəklədiyi qüvvə rolunda Qarabağ klanı çıxış edib. Və bu klanın liderləri də hərbi cinayətkarlar olan Köçəryan və Sarkisyan cütlüyüdür. Ancaq Kreml hazırda Samvel Karapetyanın arxasında dayandığına görə bu qüvvələr böyük ehtimalla Rusiyadan incik düşüblər və Karapetyanı dəstəkləmək istəmirlər. Və bu da müxalifət düşərgəsində müəyyən parçalanma meyillərini gücləndirib. Belə anlaşılır ki, indiki situasiyada Samvel Karapetyanın Paşinyana qalib gəlmə ehtimalı o qədər də yüksək deyil. Düzdür, 50 faizə qədər mövqeyi müəyyən olunmamış seçicinin verəcəyi qərar böyük önəm daşıyır seçki günü. Ancaq hələlik müxalifətin qələbə şansları o qədər də yüksək görünmür.

Ancaq Paşinyan üçün əsas problem ondan ibarətdir ki, seçkilərdə qalib gəlsə belə hökumətin formalaşdırılması tək başına, yəni öz partiyası ilə formalaşdırma imkanları da məhduddur. Çünki qanunvericiliyə görə hökuməti yalnız seçkilərdə 50+1 faizlə üstünlük əldə edən siyasi qüvvə formalaşdıra bilər. Bu baxımdan seçkilərdə qalib gəlsə belə, Paşinyan özünə tərəfdar axtarmaq məcburiyyətindədir. Ancaq müxalifət düşərgəsində Paşinyanla birləşərək ortaq hökumət qurmağa razılaşa biləcək siyasi qüvvələrin olma ehtimalı da aşağıdır".

Sonda Elçin Xalidbəyli vurğuladı ki, növbəti parlament seçkilərindən sonra təkrar seçkilər kimi bir prosesin də başlama ehtimalı var:

"Ancaq burada Paşinyanın verdiyi son açıqlamalardakı ziddiyyətlər diqqət çəkir. Çünki Paşinyan bir müddət öncə bəyan edib ki, Moskvadakı görüşdə Putinlə anlaşma əldə olunub və həmin anlaşmaya görə iyunun ortalarında Putinlə Moskvada yenidən görüşmək barədə razılaşıblar. Bu da olduqca müəmmalı bir açıqlamadır. Çünki iyunun əvvəllərində seçki keçiriləcək, iyunun ortalarından sonra Putinlə görüşüləcəksə, deməli, Paşinyan həm qələbəsinə əmindir, həm də prezident Putinlə öz hakimiyyətinin toxunulmazlığı ilə bağlı təminat alıb. Bu da o deməkdir ki, əgər doğrudursa, Paşinyan Rusiyanın Ermənistan üzərindəki hegemonluq şərtlərini qəbul edib.

Belə şəraitdə təbii ki, TRİP layihəsi, yəni Zəngəzur dəhlizi də ya risk altına düşə bilər, ya da onun reallaşdırılma formatında dəyişiklik baş verə bilər. Çünki Rusiya birbaşa həmin layihədə iştirak etmir. Amerika Birləşmiş Ştatları ilə bu məsələ ilə bağlı hüquqi baza hazırlanır. Ola bilər ki, Paşinyan öz hakimiyyətinin toxunulmazlığının əvəzində Rusiyaya "TRİP" layihəsini təklif etmiş ola bilər. Bu təklifdə ya "TRİP" layihəsinin ümumiyyətlə ləğv olunması, ya da Rusiyanın hansısa formada bu layihəyə daxil edilməsi ilə bağlı ola bilər. Yəni, göründüyü kimi, Ermənistanda seçki ərəfəsində situasiya olduqca qəliz və müəmmalıdır. Bunun nəticələri böyük ehtimalla iyunun ortalarına qədər aydınlaşmış olacaq".

Pərvin Şakirqızı

Seçilən
30
3
moderator.az

4Mənbələr